Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il martın 4-dən 10-dək ölkəmizdə keçirilmiş infotur çərçivəsində Küveytin turizm şirkətlərinin nümayəndələri və jurnalistləri Azərbaycana səfər ediblər.
Səfərdən qayıtdıqdan sonra küveytli jurnalistlər özlərinin çalışdıqları qəzetlərdə ölkəmiz haqqında geniş məqalələrlə çıxış ediblər. “Əl-Vasat”, “Aləm Əl-Yaum” və “Əl-Ray” qəzetlərinin 23 aprel tarixli nömrələrinin iki səhifəsində Azərbaycan haqqında ətraflı məlumat dərc olunub.
Ölkəmizin əsrarəngiz təbiəti, zəngin və kənd təsərrüfatı üçün əlverişli iqlim şəraiti, tarixi çox-çox əsr əvvəllərə söykənən qədim memarlıq abidələri, o cümlədən məscidlərimiz, eksponatlarla zəngin milli muzeylərimiz barədə oxuculara geniş məlumat verilib. Bakı, İçərişəhər, Qobustan, Qəbələ, Şəki, Quba bölgələrinin füsunkar təbiəti, kulinariyası, tarixi müfəssəl işıqlandırılıb və şəkillər dərc edilib.
Jurnalistlər səfərdən çox razı qaldıqlarını, onlara göstərilən yüksək qonaqpərvərlik, diqqət və qayğıya görə səfərin təşkilatçılarına - Azərbaycanın Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinə təşəkkürlərini bildiriblər.