IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Ulduz” jurnalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində gənc yazarlarla görüş təşkil olunub.

Görüşdə Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər şurasının sədri Fərid Hüseyn, şair, publisist, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, digər gənc yazarlar iştirak ediblər.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov “Ulduz” jurnalı ilə birgə keçirilən layihə haqqında geniş məlumat verib. O, gənc istedadlara göstərilən dövlət qayğısından danışaraq, bu ənənənin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

AYB Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyev bu gün gənclərin öz yaradıcılıq nümunələrini çap etdirmək üçün geniş imkanlara malik olduqlarını qeyd edib, çağdaş dövrdə poeziya və nəsrin yeni istiqamətlər və çalarlarla zənginləşdiyini deyib.

Görüş iştirakçılarından Aygün Bayramlı, Emin Quliyev, İntiqam Yaşar, Şəhriyar del Gerani və Fərid Hüseynin şeirləri səsləndirilib.