Müstəqillik dövrünün ən böyük sənət yarışması başa çatdı

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.

Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının təqdimatında Ş.Perronun “Qırmızıpapaq” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa (rejissor S.Haqverdiyeva) nümayiş olunub. Eyni zamanda teatr-studiyanın və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən ustad dərsləri keçirilib.

Sonra Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov, “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məkanda nümayiş etdirilən rəsm, bədii sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik və keramika məmulatlarından ibarət sərgi ilə tanış olublar.

Açılış nitqi söyləyən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qonaqları salamlayıb. Qeyd edib ki, mərkəz tərəfindən “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. Bu layihələr arasında ən əhəmiyyətlilərindən biri də Uşaq İncəsənət Festivalıdır. O, festivalın qaliblərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Layihənin əhəmiyyətindən danışan elm və təhsil nazirinin müavini Həsən Həsənli festivalın ölkəmizin həm mədəni, həm də təhsil həyatında böyük rol oynayacağını söyləyib.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov vurğulayıb ki, müstəqillik tariximizin iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük incəsənət layihəsi sayılan bu festivalın keçirilməsində başlıca məqsəd Ulu öndərin mədəniyyətə, uşaqlara olan qayğısını rəhbər tutaraq uşaqlarımızda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq oyatmaq, yaradıcı fəaliyyətlərinə dəstək verməkdən ibarətdir. Festival uşaqlarla yanaşı, bölgələrdə çalışan mütəxəssislərin də fəallığının artırılmasına xidmət edib.

“BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qurumun festivala dəstək olmasından məmnunluğunu bildirib.

Çıxışlardan sonra festivalın qalibləri mükafatlandırılıb.

Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər mükafatçı var.

Fərdi nominasiya üzrə 197 nəfər qalib adını qazanıb. Bunlardan 83 iştirakçı I (43 nəfər peşəkar, 40 nəfər həvəskar), 61 iştirakçı II (33 nəfər peşəkar, 28 nəfər həvəskar), 53 nəfər (22 nəfər peşəkar, 31 nəfər həvəskar) isə III yerə layiq görülüb.

Kollektiv nominasiya üzrə 7-si I, 5-i II, 3-ü isə III yer olmaqla – ümumilikdə 15 kollektiv mükafatlandırılıb.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra festivalın ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhərinin adı açıqlanıb. Bakı şəhəri adıçəkilən nominasiyalara görə növbəti il festivala ev sahibliyi etmək hüququ qazanıb.

Sonda ölkəmizin tanınmış incəsənət ustaları və UİF-nin qaliblərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Bununla da müstəqillik dövrünün ən böyük sənət layihəsi sayılan Uşaq İncəsənət Festivalına yekun vurulub.

Xatırladaq ki, 22 nominasiyada 18 fərdi, 4 kollektiv olmaqla 6-9, 10-13 və 14-17 yaş qrupları üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək iştirakçı müraciət edib. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində gerçəkləşib.

Nurəddin