Regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.
Prezident İlham Əliyev bunu noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşdə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olub, işğal və təcavüzün nəticələrini aradan qaldırmayıb.
Artıq bu məsələlərin keçmişdə qaldığını deyən Prezident İlham Əliyev bildirib ki, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Dövlətimizin başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Prezident eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycan birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb.
Görüşdə qeyd olunub ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.