Turizm İnstitutunda bu mövzuda keçirilən treninqlər başa çatdı
   
   Aprelin 26-da Azərbaycan Turizm İnstitutunda rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarələrinin) müdirləri və turizm informasiya mərkəzlərinin rəhbərləri üçün təşkil olunan seminar-treninqlərin yekun tədbiri keçirildi. “Regionlarda turizm məhsulunun hazırlanması perspektivləri» adlı seminar-treninqlər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
   
   Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, treninqlərin birinci mərhələsi bu il fevralın 4-dən 8-dək reallaşıb. “Turizm siyasəti, planlaşdırılması və idarəçiliyi” adlı seminarda 25 rayonun mədəniyyət və turizm şöbəsinin müdiri və 6 regional turizm informasiya mərkəzinin direktoru iştirak edib: «Azərbaycan dövləti regionlarda turizmin inkişafına çox böyük önəm verir. Bu, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bakıda və regionlarda yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq şəbəkəyə daxil olan hotellər və turizm obyektləri açılır. Bu istiqamətdə inkişafa nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Təəssüflər olsun ki, şöbələr bir çox hallarda öz işlərini təkcə mədəniyyət sahəsində fəaliyyət göstərməklə bitmiş hesab edir. Amma onlar eyni zamanda turizm sahəsində də baş verən yenilikləri tətbiq etməyi bacarmalıdır. Mədəniyyət və turizm şöbələri regionlarda mədəniyyət müəssisələrinin turizm firmaları ilə yaxın əməkdaşlıq etməsinə nail olmalıdır».
   ATİ-nin rektoru Cəfər Cəfərov deyilənlərə əlavə olaraq bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda hər iki sahənin inkişafına cavabdeh bir qurum olduğu üçün rayon şöbələri də bu sahələrin bir-biri ilə əlaqəli fəaliyyətini təmin etməlidir: «İnkişaf etmiş ölkələrin təhsil mütəxəssislərinin araşdırmaları da göstərir ki, ilk tədris ilində tələbələrə verilən təhsil sonrakı illərdə artıq köhnəlir. Demək istədiyim odur ki, hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq biliklərimizi vaxtaşırı olaraq yeniləməliyik. Çünki elm, texnika inkişaf edir. Yeni informasiya-kommunikasiya vasitələri insanların istifadəsinə verilir. Biz də bunlardan istifadə etməyi bacarmalıyıq».
   Rektor bildirdi ki, indiyədək keçirilən seminarlar dövlətin turizm siyasəti, Dünya Turizm Təşkilatının Azərbaycanla əməkdaşlığı, ölkəmizin iqtisadiyyatında turizmin yeri və rolu, regionların inkişafına turizmin təsiri, turizm-rekreasiya zonalarının yaradılması, bununla bağlı qarşıda duran vəzifələr, ölkəmizdəki ayrı-ayrı turizm məkanlarının marketinqi, dünyada reklam olunması, kənd-yaşıl turizminin inkişaf yolları və s. mövzuları əhatə edib: “Növbəti mərhələdə təlimlər təkmilləşmə kursları ilə əvəz olunacaq. Turizm sahəsində baş verən yenilikləri bu kurslar vasitəsilə mədəniyyət və turizm şöbələrinə çatdırmağa çalışacağıq».
   Sonra iştirakçılara kurslarda iştirak etmələri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm İnstitutunun birgə sertifikatları təqdim olundu. Sertifikat alan 27 nəfərdən 21-i mədəniyyət və turizm şöbəsinin, 6 nəfər isə turizm-informasiya mərkəzinin müdiridir.
   
   * * *
   Seminarla bağlı mütəxəssis və iştirakçı rəyini də öyrəndik. Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzinin metodisti Fikriyyə Quliyeva əvvəlki treninqdən fərqli olaraq bu dəfə bir qədər fərqli format seçdiklərini bildirdi. Onun sözlərinə görə, iştirakçıların istəyini nəzərə alaraq treninqləri həm auditoriyada, həm də əyani şəkildə davam etdiriblər: «Məsələn, tarixi-mədəni turizm mövzusunda keçirilən təlimlərdə iştirakçıların “Qala” etnoqrafik muzey-kompleksinə, "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğuna səfərləri təşkil olundu. Hotellərdə standartlaşma və sertifikatlaşma mövzusu ilə bağlı iştirakçılar «Abşeron Mariott» və «Hilton Bakı» mehmanxanalarında oldular”.
   Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova treninqlərin əhəmiyyətindən danışaraq bildirdi ki, mövzular çox maraqlı məqamları əhatə edib: «Seminarlarda elə mövzulara toxunulurdu ki, bunlar mənim üçün yenilik idi. Turizmin təşkili, xidmət, dünya turizmi, turistlərə tarixi-mədəni abidələrin təqdim edilməsi, onları bölgələrə necə cəlb etmək istiqamətində verilən məlumatları maraqla dinlədik. Bir neçə gün ərzində həm bölgələrimizin turizm imkanlarının tanıdılması ilə bağlı, eyni zamanda da bu sahədə olan biliklərin sistemləşdirilməsi istiqamətində aldığımız məlumatlar, hesab edirəm ki, gələcək fəaliyyətimizdə bizə çox kömək edəcək».
   Şöbə müdiri Mədəniyyət və Turizm Nazirliyinin «Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Göygölün 2013-cü ildə “Sənətkarlıq paytaxtı” elan olunduğunu, bu münasibətlə rayonda tədbirlərə start verildiyini də qeyd etdi: «Tədbirlərimiz ilboyu davam edəcək. Əsasən sənətkarların əl işlərindən ibarət sərgilərin təşkilinə böyük üstünlük verəcəyik».

   Fəxriyyə Abdullayeva