Noyabrın 15-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsinə dair təqdimat olub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov layihə barədə məlumat verib. Bildirib ki, Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin əks olunduğu əlyazma əsərlər bir sıra ölkələrin muzeylərində qorunub saxlanılır. Onların elektron (rəqəmsal formatda) nüxsələrinin ölkəmizə gətirilməsi ilə bağlı layihə 2019-cu ildən həyata keçirilir.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bir çox ölkələrin muzey və kitabxanalarında olan əlyazmalarının faksimilesinin əksəriyyətinin artıq Milli Kitabxananın fondunda yer aldığını bildirib və kitabxanaya bu istiqamətdə fəaliyyətində yeni uğurlar arzulayıb.

Tədbirdə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da təqdim edilib. Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər şair və mütəfəkkirlərin dünya və Azərbaycan kitabxanalarında mühafizə olunan əlyazmaları haqqında məlumat verilib.