“Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabı da IX Bakı Beynəlxalq Kitab Sərgisində təqdim edilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova kitab haqqında ümumi məlumat verib, muzeyin tarixi və fəaliyyəti barədə danışıb. Bildirib ki, kitab Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə nəşr olunub. Nəşrdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, Rusiya Etnoqrafiya Muzeyinin (Sankt-Peterburq) və alim-etnoqraf Həsən Quliyevin arxivindəki şəkillərdən istifadə olunub.
“İndiyədək bu sahə üzrə dərin elmi araşdırmalar aparılmamışdı. Biz çalışdıq ki, bu kitabda xalça məmulatları haqqında geniş və hərtərəfli məlumat verək”, – deyə o əlavə edib.
Sonra müəlliflər – Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova nəşrin ərsəyə gəlməsi, apardıqları araşdırmalar, kolleksiyanın mahiyyəti və digər məqamlar barədə məlumat veriblər.