Mərkəzin fəaliyyəti incəsənət və xalq sənətkarlığının müxtəlif sahələrini də əhatə edir

 

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “DOST Evi” filialının açılışında iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafı və həssas təbəqənin sosial məsələlərinin həllinə istiqamətlənən layihələr mühüm yer tutur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də belə layihələrdən biridir. Mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq  potensialının inkişaf etdirilməsidir.

Mərkəzin fəaliyyət istiqamətləri əsasən musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və sairdir.

Mərkəzdə hazırda 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlilliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvü, 12 nəfər isə şəhid ailəsi üzvüdür. İsmayıllıdakı “DOST Evi” mərkəzin filialı kimi fəaliyyət göstərəcək.

“DOST Evi” Muğanlı-İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşir. Müəssisə modern və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, birmərtəbəli olmaqla iki blokdan ibarətdir. Filialda 10 istiqamət üzrə 6 emalatxana – dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək.

Mərkəzin benefisiarları tərəfindən dulusçuluq, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, təsviri incəsənət, floristika, bağçılıq və landşaft dizaynı istiqamətləri üzrə hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 150-dək əl işi təqdim edilir.

Diqqətə çatdırılıb ki, bölgədə yaşayan və “DOST Evi”nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayişi və satışı həyata keçiriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “DOST Evi”ndəki emalatxanalarla tanış olublar.

“DOST Evi” bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu təmin ediləcək. Benefisiarlar, təlimçilər və digər işçilər əlilliyi olan şəxslər və digər həssas qruplar arasından seçiləcək. Filialda 50-80 nəfər benefisiar üçün 6 ay – 2 il müddətində təlimlər, kurslar təşkil olunacaq və sonda onlara sertifikatlar veriləcək.

Əlilliyi olan şəxslər inklüziv kafe sahəsində işə cəlb edilərək ictimai iaşə xidmətləri təşkil olunacaq.

“DOST Evi” bölgədə yeni iş yerlərinin, o cümlədən həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli iaşə xidmətlərinin göstərilməsinə dəstək verəcək. Bura Muğanlı-İsmayıllı yolu ilə hərəkət edənlər, yerli və əcnəbi qonaqlar üçün gözəl asudə vaxt, istirahət və keyfiyyətli xidmətlər məkanı olacaq.