Mayın 6-dan 9-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən «ATM 2013» beynəlxalq turizm sərgisində Azərbaycanın turizm imkanları da nümayiş etdirilir. Sərgidə Azərbaycan nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov rəhbərlik edir. Heyətə nazirliyin Turizm şöbəsinin Xarici turizm sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov daxildir. Sərgidə «SW travel», «Millennium Tourism and Congress», «Sport Luxury», «Gilan tourism», «Pasha travel», «Xəzər travel» turizm şirkətləri, habelə «Chinar Hotel and Spa Naftalan», «Fairmont Baku», «Gallery hotel», «Four Seasons», «Kempinski Hotel Badamdar» və «Marriott Absheron» mehmanxanaları təmsil olunur.
   Ekspozisiyada respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kvadratmetr sahədə stend qurulub. Burada ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları yer alıb.
   Qeyd edək ki, 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, «ATM» sərgisində iştirak edir. Bu il tədbirə ümumilikdə 90-dan çox ölkədən 2500-ə yaxın şirkət qatılıb.