Mayın 4-də Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə gənc tədqiqatçıların «Azərbaycan turizmi bu gün və sabah» mövzusunda IV Respublika elmi-praktik konfransı keçirildi.
   
   Tədbiri institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq ulu öndərin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətlərindən danışdı: «Bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Ölkəmiz iqtisadi inkişafın dinamikliyinə görə dünyanın lider ölkələri ilə rəqabət aparmaq iqtidarındadır. Bu xüsusda turizm sahəsində əldə edilən nailiyyətləri vurğulamaq yerinə düşər. Bütün bunların kökündə Heydər Əliyevin apardığı siyasət və bu siyasətin uğurla davam etdirilməsi durur».
   Rektor qeyd etdi ki, gənclik hər zaman Heydər Əliyevin diqqətində olub, ulu öndər onlara böyük qayğı ilə yanaşıb, etimad göstərib: «Bugünkü konfransın iştirakçıları da ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbələrdir. Bu, gənclərimizin Heydər Əliyev irsinə hörmətinin göstəricisidir”.
   Sonra C.Cəfərov institutun bir qrup əməkdaşına Heydər Əliyevin 90 illiyi ilə bağlı görülən tədbirlərdə xüsusi fəallıq göstərdiklərinə görə fəxri fərman təqdim etdi.
   İnstitutun turizmin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov çıxışında ulu öndərin respublikaya rəhbərliyi dövründə turizm sahəsində görülən işlərdən bəhs etdi: “Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı dövrdən turizm sahəsinin inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul edilib. Bu qəbildən mühüm sənədlərdən biri «Respublikada turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında» Azərbaycan KP MK, respublika Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) birgə qərarı oldu. Bu, turizmin inkişaf etdirilməsi haqqında dövlət proqramı idi”.
   Ulu öndər sonrakı illərdə də bu istiqamətdə fəaliyyətini davam etdirib. Həmin dövrdə Azərbaycanda yeni turist bazaları, mehmanxanalar inşa olundu. Xarici turizmin inkişafı ilə bağlı xüsusi qərarlar qəbul edildi: “Turizmin normativ-hüquqi bazası ötən əsrin 70-ci illərinin ikinci yarısından formalaşmağa başladı. Heydər Əliyev Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istəyirdi. O, turizm sahəsində peşəkar kadrların hazırlanmasına da ciddi önəm verirdi. 1982-ci ildə bu məqsədlə xüsusi peşə məktəbi açıldı”.
   Qeyd olundu ki, ulu öndərin turizm sahəsində uğurlu siyasəti 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da davam edib. 1999-cu ildə «Turizm haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildi. Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndirən Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Yeni nazirlik ölkə turizmini beynəlxalq standartlar səviyyəsinə qaldırmağa, Azərbaycanın dünya turizm bazarına inteqrasiyası üçün səylə çalışmağa başladı: “Ulu öndərin tapşırıqlarına əsasən, Azərbaycanda dünya standartlarına uyğun yerləşmə müəssisələrinin inşası başlandı. Buna misal olaraq Bakıda inşa olunan “Avropa Qrand Hotel», «Hyatt Regency», «Park Hyatt» və başqa hotelləri göstərə bilərik. Bu gün Azərbaycan turizmi ümummilli liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf edir”.
   Sonra konfrans «Azərbaycan turizminin inkişaf xüsusiyyətləri», «Regionların turizm ehtiyatları», «Turizmin iqtisadiyyatı və idarə edilməsi. Turizmin marketinqi» bölmələrində işini davam etdirdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin baş metodisti Müjkan Məmmədzadə «Azərbaycanda turizmin potensial imkanları», ATİ-nin magistri Firuzə İbrahimova «Hotellərdə uşaqlar üçün animasiya proqramının təşkili», Nicat Əhmədli «Beynəlxalq müəssisələrdə strategiyaların təhlili», Leyla Atakişiyeva «Öz turistini tanı sistemi», Naxçıvan Dövlət Universitetinin tələbəsi Turan İmanov «Naxçıvan regionunda turizmin təşkili və inkişaf istiqamətləri», Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Ruhiyyə Əliyeva «Azərbaycanın turizm potensialı» mövzusunda təqdimat-məruzə ilə çıxış etdilər.
   Konfransda ümumilikdə 38 təqdimat-məruzə dinlənildi, sonda bütün iştirakçılara sertifikatlar təqdim olundu.

    Fəxriyyə Abdullayeva