Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə ənənəvi və virtual kitab sərgiləri təşkil edilib.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Milli Dirçəliş Gününün tarixinə nəzər salınır, o illərin xronologiyası bir daha canlandırılır.
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan dövləti müasir inkişaf yoluna qədəm qoymuşdur.
Materiallarda ermənilərin Topxanada törətdiyi vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri ilə Bakıda alovlanan milli hisslərin fonunda 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatının geniş vüsət alması, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına, Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıdakı Azadlıq meydanında toplaşması, azadlıq mübarizəsi, bu hadisələrin beynəlxalq mətbuatda işıqlandırılması faktları öz əksini tapır. Həmin mürəkkəb, gərgin dövrlərdə xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, onu xilaskar kimi özünə lider seçməsi geniş, tarixi faktlar və görüntülərlə işıqlandırılır. İzləyicilər hazırlanan materiallarda o illərin foto və videogörüntülərini də izləyə bilərlər. Hazırlanan materiallarda Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsinin təntənəli nəticəsi – şanlı Zəfər tarixinin Qələbə sevincinin görüntüləri də yer alır.
Kitabxana əməkdaşları tərəfindən Milli Dirçəliş Günü ilə əlaqədar hazırlanan virtual sərgidə “Heydər Əliyev – müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev – müdrik fikirlər”, “1988. Keçmişə pəncərə” kimi kitabların biblioqrafik təsvirləri və qısa annotasiyaları, “Milli dirçəlişdən müstəqilliyə”, “Müstəqillik tariximizin unudulmayan səhifəsi”, “Meydan hərəkatı ilə başlanan azadlıq mücadiləsi”, “Milli dirçəlişin başlanğıcı” kimi qəzet məqalələrinin görüntüləri təqdim edilir.
Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada özündə 40-a yaxın kitab və qəzet nümunələrini cəmləyən “17 Noyabr - Milli Dirçəliş Günü” adlı kitab sərgisi də təşkil edilib.