27 ilik erməni işğalından qurtuluşunun üçüncü ildönümü...

 

Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun üçüncü ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Birdə bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu.

Noyabrın 20-də müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət etdi.

Azərbaycan Ordusu itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycan bayrağı dalğalanmağa başladı.

İşğaldan öncə Qarabağın ən müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən şəhəri 27 illik işğal dövründə xarabazara çevrilmişdi. Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir.

2022-ci il oktyabrın 5-də ölkəmizdə BMT-nin Məskunlaşma Proqramın (UN-HABITAT) da iştirakı ilə ilk Milli Şəhərsalma Forumun Ağdamda keçirildi. 2022-ci ildə Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin də yenidən quruması layihələrinə başlanıldı. “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır...” – deyə dövlət başçısı vurğulamışdı.

Qeyd edək ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan olunub.

Ağdamda milli-mədəni irsin bərpası istiqamətində də layihələr həyata keçirilir. Ağdam Cümə məscidində, eləcə də Pənahəli xanın sarayı və İmarət kompleksi ərazisində əsaslı bərpa-quruculuq işləri görülür. 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.