Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, dosent Feruza Madrahimova, Pedaqoji fakültənin dekanı, professor Elyor Nabiyev, Özbək, rus dili ədəbiyyatı kafedrasının müdiri Marquba Matquliyeva, həmçinin baş iqamətgahı Türkiyədə yerləşən Beynəlxalq BZT Akademiyasının təsisçisi və sədri Baha Ahmet Yılmaz, Akademiyanın Qafqaz və Orta Asiya üzrə rəhbəri, AMEA-nın əməkdaşı Ferahila Şükürova Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
ADPU-nun mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti ADPU-nun rektoru, professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ilə görüşüblər.
Görüşdə ortaq tarixi, dili və dini olan türkdilli dövlətlərin ali məktəbləri arasında əlaqələrin önəmi vurğulanıb. ADPU ilə Özbəkistan universitetləri arasında mövcud əlaqələrdən danışılıb, elmi əlaqələrin qurulması, akademik heyətin və tələbələrin qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub.
Söhbət zamanı türkdilli ölkələrin universitetləri arasında şeir müsabiqəsinin təşkili və ADPU ilə Ürgənc İnstitutunun müəllimləri arasında metodika mübadiləsi kimi təkliflər irəli sürülüb.
Görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.