Rasim Ocaqov Azərbaycanın kino salnaməsinə ideya-sənətkarlıq baxımından yüksək dəyərləndirilən və tamaşaçılar tərəfindən maraqla qarşılanan ekran əsərləri bəxş edib. Bu il görkəmli kino xadiminin anadan olmasının 90 illiyidir.
Rasim Mirqasım oğlu Ocaqov 22 noyabr 1933-cü ildə Şəkidə anadan olub. 1951-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə qəbul olunur. Burada B.Qolovnya və L.Kosmatov kimi sənətkarlardan sənətin sirlərini öyrənir. Kinooperator ixtisası üzrə təhsilini 1956-cı ildə başa vurur və Bakıya qayıdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində də təhsil alır.
1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. İlk dəfə operator olaraq “Bir məhəllədən iki nəfər” filmini lentə alır. 1958-ci ildə “Onun böyük ürəyi” filmi quruluşçu operator kimi sərbəst işi olur. Sumqayıt metallurqlarının həyatından bəhs edən filmdə bu ağır peşə sahibləri operatorun kamerası ilə romantik və cəzbedici bir formada təqdim olunur. Filmdə insanların odpüskürən soba qarşısındakı gərgin anları, geniş və orta planlardakı vəziyyətləri çox ustalıqla yaradılıb. Rasim Ocaqov həm də burada özünü psixoloji anların ustası kimi təsdiq edib.
R.Ocaqovun 1973-cü ildən quruluşçu rejissor kimi böyük sənətkarlıqla ərsəyə gətirdiyi müxtəlif janrlı filmlər (“Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və s.) kino salnaməmizdə xüsusi yer tutur.
Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” (“Qatır Məmməd”) filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyir. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırır...
R.Ocaqovun rejissor kimi ikinci işi “Tütək səsi” (1975) filmidir. Filmdə II Dünya müharibəsi illərində arxa cəbhədəki insanların maddi və mənəvi durumları çox inandırıcı şəkildə verilib. Film öz orijinal səhnələri, çəkiliş manerası və mövzunun bədii həlli baxımından Azərbaycan kinosunda yenilik idi.
Araşdırmalarda qeyd edilir ki, R.Ocaqov dramaturgiyanın bədii məziyyətlərini personajların xarakterlərində cəmləşdirərək əks etdirib. Rejissoru olduğu “İstintaq”, “Ad günü”, “Təhminə” və s. filmlərdə natura və pavilyonda müxtəlif dekorasiya çəkilişlərindən ustalıqla istifadə olunub.
Xalq artisti Rasim Balayev müsahibələrinin birində görkəmli sənətkarı xatırlayarkən deyib: “Rasim Ocaqov Azərbaycanın ən görkəmli rejissorlarından biridir. O, milli kino tarixində öz dəst-xətti olan, yaratdığı əsərlərlə Azərbaycan tamaşaçısının qəlbində yaşayan sənətkardır. Həm də çox ciddi, intizamlı və ədalətli adam idi. Azərbaycanın bir neçə ustad sənətkarları olub, mən deyərdim ki, onların içərisində əsil vətəndaş sənətkarlardan biri də R.Ocaqov idi. Xoşbəxtəm ki, 4 filmində çəkilmişəm. Rollarımın bəzisi əsas, bəzisi isə epizodik rollar olub. R.Ocaqov kinonu dərindən bilən və sevən bir sənətkar idi...”.
Yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar 1967-ci ildə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1980-ci ildə Azərbaycan SSR-in, 1981-ci ildə isə SSRİ Dövlət mükafatları ilə təltif olunub. Müstəqillik illərində də R.Ocaqovun milli kinematoqrafiyanın inkişafındakı xidmətləri layiqincə qiymətləndirilib, 1998-ci ildə “Şöhrət” ordeni və 2002-ci ildə Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən R.Ocaqov adına fəxri tələbə təqaüdü (2017) və medal (2019) təsis edilib.
Görkəmli sənətkar ömrünün müdrik çağlarında “Günəşin kələfi” adlı film çəkmək istəyib. Hətta filmin ssenarisi də hazır olub. Ancaq əcəl onun bu istəyini reallaşdırmağa imkan verməyib. 12 iyul 2006-cı ildə, 73 yaşında vəfat edib.
S.Fərəcov