Vədud Müəzzinin Bakıda sənətsevərlərlə növbəti görüşü

 

Muzey Mərkəzinin sərgi qalereyasında Cənubi Azərbaycandan tanınmış rəssam Vədud Müəzzinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mistik aləmlər” adlı fərdi sərgisi keçirilib.

Noyabrın 17-də açılan sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov qeyd edib ki, Vədud Müəzzinin əsərləri dünyanın bir çox ölkələrində sərgilənib və böyük diqqətlə qarşılanıb. Bugünkü sərgi rəssamın Azərbaycan təbiətinə sevgisini nümayiş etdirir. Bundan əlavə, dərin cizgili portretlər də ziyarətçilərin ixtiyarına verilir.

Xalq rəssamı Arif Hüseynov da həmkarının rənglər dünyasından danışıb. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev müəllifin Bakıda sayca beşinci dəfə təşkil olunan sərgisinin özəlliyini qeyd edib. Bildirib ki, yaradıcılığında realizmə üstünlük verən rəssamın Azərbaycan sevgisi kətan üzərində rənglərin mistikasında təsvir edilib. O həm də istedadlı xanəndə kimi tanınır.

Vədud Müəzzin sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlığını ifadə edib. Diqqətə çatdırıb ki, “Mistik aləmlər” sərgisində nümayiş olunan əsərlər son illərin məhsuludur. Onların bəziləri ilk dəfə bu məkanda təqdim edilir.

Qeyd edək ki, sərgidə müəllifin 50-yə yaxın əsəri nümayiş olunub. Bu əsərlərdə tamaşaçı təbiətin sehri ilə baş-başa qalır. Rəsmlərin bir çoxu atlara həsr olunub. Müəllif onları cilovsuz – azad şəkildə təsvir edib.

Vədud Müəzzin 1960-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Rəssam indiyədək ABŞ, Kanada, Fransa və Almaniyada fərdi və qrup şəklində sərgilərdə iştirak edib.

“Mistik aləmlər” sərgisi noyabrın 21-də başa çatıb.

Lalə Azəri