Şəhid həkim haqqında kitab təqdim olunub
Qəbələ rayon Mədəniyyət Mərkəzində jurnalist-publisist Bibixanım İsayevanın Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Aqşin Ənvərliyə həsr olunmuş “Ağ işığın sehri” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə mərkəzin foyesində şəhidin ömür yolunu əks etdirən sərgiyə baxış olub.
Rayon icra başçısının müavini Ətayə Osmanova çıxışında bütün dünyanın Azərbaycanın şanlı Qələbəsinin şahidi olduğunu vurğulayıb. Digər çıxış edənlər şəhid-həkimin qəhrəmanlığından söz açıb, kitab haqqında təəssüratlarını bölüşüblər.
Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Aqşin Ənvərlinin həyat yolunu əks etdirən slayd təqdim olunub.
Şəhidin atası Faiq Abdulayev kitabın müəllifinə və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirib.
Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Şuşa və Xocavəndin azadlığı uğrunda döyüşlərdə yaralanan hərbçilərə tibbi yardım edib. Noyabrın 6-da Xocavənd döyüşlərində şəhid olub. Tibb xidməti leytenantı kimi müharibəyə qatılan A.Ənvərli döyüşlər zamanı baş leytenant rütbəsinə layiq görülüb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Nurəddin