“13 ölkəni müstəmləkə əsarətində saxlayan Fransa hər kəsə dərs verməyə çalışır”

 

Dünyada hələ də, yəni, XXI əsrdə müstəmləkə siyasəti yürüdən ölkələr mövcuddur. Hərdən düşünürsən ki, bu siyasət ötən yüzillikdə qalıb. Amma təəssüflər olsun ki, belə deyil.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri noyabrın 21-də Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında söyləyib.

Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqının üzvü Fransa dənizaşırı ərazilərdə (Fransadan minlərlə kilometr uzaqda, Sakit, Atlantik və Hind okeanlarında ada-ölkələr – red.) 13 ölkəni müstəmləkə əsarətində saxlayır. “Bakı konfransında bu ərazilərdən gələn insanları dinləyəndə görürsən ki, onlar XVII və XVIII əsrlərdə olduğu kimi, hələ də Fransa müstəmləkəçiliyindən əziyyət çəkdiklərini dilə gətirirlər. Qəmər adaları Fransa tərəfindən işğal edilib və bu gün onun ilhaqı siyasəti həyata keçirilir.

Bu gün Fransa Avropa ölkəsi olaraq hər kəsə dərs verməyə çalışır. Bəs o zaman bu ölkə onun müstəmləkə siyasətindən əziyyət çəkən, hüquqları pozulan insanları niyə dinləmir? Fransada islamofobiya amilləri güclənməkdədir. Bu ölkədə müsəlmanların hüquqları pozulur. Fransa bu insanlar, beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımır”, – deyə Hikmət Hacıyev diqqətə çatdırıb.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində üzv ölkələrin müstəmləkə siyasətindən əziyyət çəkməsini diqqətdə saxlayır. QH-nin təməl prinsipini isə məhz müstəmləkə siyasətinə qarşı mübarizə təşkil edir.

Qeyd edək ki, Hikmət Hacıyev Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevin iştirakçılara müraciətini səsləndirib.

Beynəlxalq konfrans  çərçivəsində panel müzakirələr, həmçinin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda iclas keçirilib.