Azərbaycana gəlmək mənim üçün böyük sevinc və qürur mənbəyidir. Səfərimizin məqsədi ICESCO ilə Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlığı daha da gücləndirməkdir.
ICESCO-nun Sosial və insan elmləri üzrə departamentinin direktoru Ramata Almami Mbaye bunu jurnalistlərə açıqlamasında söyləyib.
O, ICESCO-nun qadınların özünü inkişaf etdirməsi və irəliləməsi, onların cəmiyyətdə yeri kimi məsələlərdə tam dəstəyini vurğulayıb.
“Azərbaycana səfərimiz ICESCO-nun Qoşulmama Hərəkatına üzvlüyü çərçivəsində baş tutub. Biz burada öz təcrübəmizi bölüşməklə yanaşı, qadınların, gənc qızların və yeniyetmələrin talelərini gündəliyimizdə ön plana keçirməyə çalışırıq. Müzakirələrimizdə prioritet məsələ isə çətin vəziyyətdə olan uşaqlarla bağlı olacaq. Bir çox ölkədə gənc qızlar, yeniyetmələr hələ də çox çətin vəziyyətdədir. Biz ərzaq, iqlim böhranı kimi məsələlərlə bağlı fikir mübadiləsi aparmalı, Azərbaycan xalqına tam dəstəyimizi bildirməliyik”, – deyə Ramata Almami Mbaye bildirib.