Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Azad ruhlar” adlı növbəti tədbir-sərgi keçirilib.
Muzeydən bildirilib ki, tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Hüseyn Qasımov, baş çavuş Kamil Şixmuradov, əsgər Orxan Teymurlu, kiçik çavuş Murad Xəlilli və əsgərlər Əhməd Mollaçiyev, İmam Əliyev və Elvin Məlikməmmədovun əziz xatirələri yad edilib.
Sərgidə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin səyi nəticəsində toplanmış və İstiqlal Muzeyinin fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunur.
Tədbirdə şəhid ailələri, Heydər Əliyev adına Hərbi İnstitutun, 5 nömrəli Texniki peşə məktəbinin tələbələri, könüllülər iştirak ediblər.
İstiqlal Muzeyində sərgi noyabrın 28-dək davam edəcək.