Noyabrın 21-də Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ Türkiyə, Azərbaycan və Türk dünyasının digər ölkələrinin tarixi dostluq və  qardaşlığı möhkəmləndirmək üçün çalışdıqlarını vurğulayıb.

Bildirib ki, dünyadakı hazırkı mürəkkəb vəziyyət Türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir. Bekir Bozdağ münasibətləri “Bir millət, yeddi dövlət” (Türkyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr) olaraq inkişaf etdirməyin əhəmiyyətindən danışıb.

Tədbirdə Qırğız Respublikası Joqorku Keneşinin üzvü Dastanbek Cumabekov,  TBMM-in üzvləri Ahmet Zenbilci, Osman Mesten, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Hikmət Babaoğlu, TürkPA-nın baş katibi Mehmet Süreyya Er və digər çıxış edənlər Türk dünyasının birləşməsinin tarixi zərurətə çevrildiyini vurğulayıblar. Ulu öndər Heydər Əliyevin Türk dünyası üçün gördüyü işlər minnətdarlıqla xatırlanıb.

Çıxışlarda ortaq mədəniyyətin, tarixin, dilin, dinin türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafına zəmin yaratdığı diqqətə çatdırılıb. Türk dövlətləri arasında təhsil sahəsində münasibətlərin, o cümlədən əlifba və dil birliyinin vacibliyi, tələbə təqaüdlərinin təsis olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, qlobal imperializmə, eyni zamanda islamofobiyaya qarşı mübarizə üçün Türk dünyasının birgə əməkdaşlığı vacibdir.