Elmi Bərpa Şurasının 40 illiyinə həsr olunan tədbir keçirildi

 

Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin nəzdində Elmi Bərpa Şurasının təşkilinin 40 ili tamam olur.

Bu münasibətlə noyabrın 21-də Elmi Bərpa Mərkəzində tədbir keçirildi. Diqqətə çatdırıldı ki, artıq 40 ildir fəaliyyətdə olan Elmi Bərpa Şurasının tərkibi bir neçə dəfə yenilənib, müxtəlif illərdə şuraya Rasim Əfəndi, Vilayət Kərimov, Cəmilə Həsənzadə kimi görkəmli alimlər rəhbərlik edib. Bu ilin sentyabrında Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Elmi Bərpa Şurasının yeni tərkibi təsdiqlənib.

Tədbirdə daha sonra Elmi Bərpa Mərkəzinin yaranma tarixini əks etdirən  videoçarx nümayiş etdirildi. Mərkəzin fəaliyyəti, şuranın vəzifə və səlahiyyətləri barədə ətraflı məlumat verildi.

Elmi Bərpa Şurasının yeni tərkibdə ilk iclası da gerçəkləşdi. İclasda Azərbaycan Dövlət Teatr Muzeyi, Saatlı, Masallı, Gəncə, Xaçmaz tarix-diyarşünaslıq muzeyləri və Masallı Dövlət Rəsm Qalereyasının mərkəzdə bərpa prosesi keçmiş eksponatlarla bağlı hesabat dinlənildi.

Mərkəzin direktoru Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova, Elmi-tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinova, xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tariyel Bəşirov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Milli İncəsənət Muzeyi Elmi-bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı-rəssam Natiq Səfərov, mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova və başqalarının çıxışları dinlənildi, təkliflər səsləndirildi.

L.Azəri