Noyabrın 22-də Bakı şəhərindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Laçın şəhərində yeni köçürülən 21 ailəyə (81 nəfər) mənzillərinin açarları təqdim edilib. 

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən verilən məlumata görə, noyabrın 23-də isə Abşeron rayonunda, Bakı və  Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yol düşüb. Bu mərhələdə Zabuxa 25 ailə (93 nəfər) köçürülüb.

Qeyd edək ki, Laçın şəhərinə və Zabux kəndinə sakinlərin köçü avqust ayında başlanıb.

İndiyədək Laçın şəhərində 346 ailənin (1326 nəfər), Zabux kəndində isə 121 ailənin (475 nəfər) daimi məskunlaşması təmin edilib.