Noyabrın 22-də kino sənətimizin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 90-cı ildönümü tamam oldu.

Bu münasibətlə həmin gün Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, kino xadimləri və sənətkarın ailə üzvləri II Fəxri xiyabanda Rasim Ocaqovun məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzdülər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Rasim Ocaqovu adını Azərbaycanın mədəniyyət salnaməsində qızıl hərflərlə yazdıran sənətkar kimi səciyyələndirdi. Bildirdi ki, onun filmləri ölkəmizdən kənarda da rəğbətlə qarşılanır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova dedi ki, Rasim Ocaqovun həm operator, həm də rejissor kimi çəkdiyi filmlər bu gün də maraqla izlənilir.

Xalq artisti Fəxrəddin Manafov rejissorun çəkdiyi altı filmdə rol aldığını diqqətə çatdırdı və bundan fərəh hissi duyduğunu dilə gətirdi.

Xalq artistləri Hacı İsmayılov, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Xalidə Quliyeva və Əməkdar artist Gülzar Qurbanova çıxış edərək sənətkarın yaradıcılıq yolundan danışıb xatirələrini bölüşdülər.

Rasim Ocaqovun yaradıcılığı milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun mühüm xidmətləri olub. Rejissorun lentə aldığı “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmlər Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi R.Ocaqov sənətinin əsas cəhətlərini təşkil edir.

***

Mərasim iştirakçıları həmin gün anadan olmasının 85 illiyi tamam olan görkəmli aktyor, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun (1938-2003) da məzarını ziyarət etdilər. Məzarın üzərinə tər çiçəklər düzüldü.

Həsən Məmmədov “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Alma almaya bənzər” (Qurban), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi) və digər ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb.

Nurəddin