Üzeyir Hacıbəylinin vəfatının ildönümü ilə bağlı tədbir keçirildi
Noyabrın 23-də dahi bəstəkar, musiqişünas, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) vəfatının 75-ci ildönümü tamam oldu. Bu münasibətlə həmin gün bəstəkarın ev-muzeyində “Sənsiz” adlı anım tədbiri keçirildi.
Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov tədbiri açaraq musiqi xadiminin həyat yolu və yaradıcılığından, musiqi mədəniyyəti xəzinəmizə verdiyi bənzərsiz töhfələrdən danışdı. Diqqətə çatdırdı ki, bəstəkarın fədakarlığı sayəsində milli opera sənətimizin tarixi onun “Leyli və Məcnun” operasının tamaşaya qoyulduğu 1908-ci ildən başlayır. Görkəmli sənətkar bu ilk uğurdan sonra “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Koroğlu”, “Harun və Leyla” operalarını yazıb. Ölkəmizdə operetta janrının yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Üçpərdəli “Ər və arvad” musiqili komediyasının ilk tamaşası 1910-cu ildə olub.
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy bəstəkarın vəfatından 75 il ötməsinə baxmayaraq, onun daima bizimlə olduğunu, əsərlərinin hər gün səsləndirildiyini dedi. Bildirdi ki, unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb. Onlarla marş, kantata, fantaziya, mahnı, romans, kamera və xor əsərləri yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin musiqiləri ona məxsusdur.
Muzeyin şöbə müdiri Gülnarə Ələsgərova muzeyin xatirə kitabında dahi bəstəkar haqqında Azərbaycanın tanınmış şairlərinin yer almış şeirlərini oxudu.
Sənətşünaslıq elmləri doktoru Eldəniz İbrahimov, Əməkdar incəsənət xadimi Akif Quliyev və başqaları çıxış edərək dahi bəstəkarın musiqişünas, jurnalistik fəaliyyətindən söz açdılar. Bildirildi ki, Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də dərslik kimi istifadə edilir. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları da qiymətli ədəbi nümunələrdir.
Tədbirdə tanınmış rəssam Hüseyn Hacıyev bəstəkarın vəfatının 75 illiyi ilə bağlı çəkdiyi “Üzeyir Hacıbəyli” adlı portreti muzeyə hədiyyə etdi.
Daha sonra bədii proqram təqdim edildi. Beynəlxalq müsabiqələr laureatı Emin İsmayılov və musiqişünas Sevinc İbrahimovanın ifalarında bəstəkarın “Sənsiz” romansı, “Koroğlu” operasından Nigarın və “Firuzə” operasından Firuzənin ariyaları təqdim edildi.
Çıxışlar alqışlarla qarşılandı.
S.Fərəcov