Üç il öncə dağlar diyarı Vətən oğullarının ayaq səsinə oyandı
2020-ci ilin 25 noyabrı sübh tezdən Kəlbəcər torpağı Vətən oğullarının ayaq səsinə oyandı. Dağlar diyarı bu yerlərin əzəli sakinlərini 27 il 7 ay gözləmişdi. Torpaq sahibinin intizarında idi. Üstündə yağı düşmən at oynatsa da...
44 günlük Vətən müharibəsində tarixi Zəfərin nəticəsi olaraq şanlı Ordumuz həmin dağları aşaraq üçrəngli bayrağımızla yurd yerimizə qədəm qoydu. Bir güllə belə atmadan, şəhid vermədən.
İllər öncə qurd basan arxalı köpək bu dəfə, başına enən dəmir yumruqdan sonra, quyruğunu qısaraq buraları tərk etməyə məcbur olmuşdu. Bu torpağa qarətçi kimi gəlib, qarətçi kimi də getdilər, hər yeri yandırıb viran qoyaraq. Yurdun sahibi isə onu yenidən dirçəltməyə gəlirdi.
Ötən üç ildə bu dirçəlişin əsası qoyulub. İşğaldan azad edilmiş digər bölgələrimiz kimi, Kəlbəcər də yeni növrağını yaşayır və tezliklə əzəli sakinlərinə əbədi qucaq açacaq.
Üç il öncə tariximizin daha bir ağrı-acılı səhifəsi qapandı, 2 apreli (1993) qara təqvimdən sildik. Ağappaq qarlı yollarla yurda qədəm qoyduğumuz 25 noyabr (2020) Zəfər təqviminə yazıldı.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 25 noyabr Kəlbəcər Şəhəri Günüdür...