Latviyanın paytaxtı Riqada Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Ümummilli liderin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Latviya Milli Kitabxanasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan səfiri Elnur Sultanov çıxış edərək 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu, konsertin bu münasibətilə keçirildiyini deyib, Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında məlumat verib.

Bildirilib ki, 2024-cü ildə Azərbaycan-Latviya diplomatik münasibətlərinin 30-cu ildönümü qeyd olunacaq.  Azərbaycanın Baltik regionunda ilk səfirliyi 2005-ci ildə Latviyada açılıb.

Sonra konsert proqramı təqdim olunub. Əməkdar artistlər Sahib Paşazadə (tarzən), Kamran Kərimov (nağara), həmçinin Ruslan Hüseynov (gitara), Nicat Aslanov (piano), Həsən Bilalov (zərb alətləri) və latviyalı musiqiçilər Zintis Zvarts (saksofon), Rüstəm Bağırovun (akkordeon) ifaları alqışlarla qarşılanıb. Proqramda Azərbaycan xalq musiqisi, caz parçaları, o cümlədən Azərbaycan və Latviya bəstəkarlarının əsərləri təqdim olunub.

Tədbirin sonunda Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar səfirliyimiz tərəfindən Latviya Milli Kitabxanasına hədiyyə edilib.