AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan tarixinin öyrənilməsində rolu” adlı elmi konfrans keçirilib.
İnstitutdan bildirilib ki, cəmiyyətin 100 illiyi münasibətilə keçirilən tədbirdə Tarix və Etnologiya İnstitutunun əməkdaşları və Bakı Qızlar Universiteti Tarix fakültəsinin tələbələri iştirak ediblər.
Konfransı açan institutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əhəmiyyətindən danışıb.
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru İkram Ağasiyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranmasının tarixi şərtləri və əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra tarix üzrə fəlsəfə doktoru dosent Aypara Rüstəmova “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi kitabxanasının təşkili və fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Tamella Kocayeva “Azərbaycanın arxeologiyasının və etnoqrafiyasının öyrənilməsində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu”, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanın Qərb bölgəsinin tarixinin öyrənilməsində rolu”, Aybəniz Osmanova “Azərbaycan tarixinin problemləri V.M.Sısoyevin əsərlərində” və tarix üzrə fəlsəfə doktoru Əzizə Nəzərli “Repressiya olunmuş qurultay (I Türkoloji Qurultayın repressiya olunmuş iştirakçıları haqqında)” adlı məruzələrlə çıxış ediblər.
Sonda tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb.