Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçiriləcək. Layihə Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunacaq.

Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində “Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova çıxış edərək “Yaradıcı həftə” çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, tədbirlərdə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı nəzərdə tutulur. Həftə çərçivəsində keçiriləcək bir sıra layihələr paytaxtla yanaşı, bəzi bölgələrdə də reallaşacaq.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib ki, "Yaradıcı həftə" gələcəyə yönəlmiş bir layihədir və özündə müxtəlif istiqamətlər üzə rəngarəng tədbirləri ehtiva edir.

Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov layihənin ölkəmizdə ilk dəfə keçirildiyini söyləyib. O, layihənin qarşıya qoyulan məqsədlərə nail olacağını bildirib.

"YARAT" Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli həftə çərçivəsində təmsil etdiyi qurumda keçiriləcək tədbirlər haqqında məlumat verib.

SUP.VC İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov mədəniyyət sahəsində startaplar və oyun texnologiyaları üzrə reallaşacaq tədbirlər barədə söz açıb.

Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

 

Nurəddin