DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Meksika mətbəxi günü təşkil olunub. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero da tədbirdə iştirak edib. 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əl işlərinin yer aldığı sərgi ilə tanış edib. 

Qonaqlar mərkəzdə təlim alan sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin müxtəlif üslublarda hazırladığı bədii oyma, təsviri incəsənət, keramika, floristika, xalçaçılıq, toxuma və tikmə nümunələrinə baxıblar. 

Xanım səfir xalqlarımız və mədəniyyətlərimiz arasındakı oxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətini tanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb. 

Sonra diplomat mərkəzin 15 benefisiarının iştirakı ilə ustad dərsində iştirak edib. Mərkəzin kulinariya istiqaməti üzrə təlimçiləri – Azərbaycan Kulinarlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Azərbaycan Peşəkar Qənnadıçılar Assosiasiyasının rəhbəri Eynur Nağdəliyev tərəfindən Meksika mətbəxindən kesadilyanın hazırlanmasında köməklik göstəriblər. 

Sonda Meksika folklorundan nümunələr və dünya hitlərindən ibarət musiqi nömrələri təqdim olunub.