Kitab sərgiləri xalqın mütaliə və estetik zövqünü formalaşdırır
2023-cü ilin böyük mədəniyyət hadisəsi IX Bakı Beynəlxalq Kitab Sərgisi uğurla başa çatdı. Mübaliğəsiz deyə bilərik ki, bu sərgi xalqımızın kitaba və mütaliəyə ciddi münasibətilə yadda qaldı.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin tərəfdaşlığı ilə 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi, doğrudan da, ümumxalq bayramı oldu. Kitab sevgisi özəl xüsusiyyətdir, daxili potensialdır, mənəvi aclıqdır. Hər bir kitab bu aclığı doyurmaq üçün zəngin və ən bərəkətli süfrədir. Ona görə də mərkəz tam 5 gün nəşriyyat-poliqrafiya işçilərinin, yazıçıların, şairlərin, gənc yazarların, oxucuların, kitabsevərlərin, xarici qonaqların, mədəniyyət və incəsənət xadimlərinin ixtiyarına verildi.
Ölkəmizdə 2009-cu ildən etibarən keçirilən hər beynəlxalq sərgidə adətən 100-dən çox yerli, 30-dan artıq xarici ölkə nəşriyyatları, təşkilat və müəssisələri iştirak edir. Budəfəki sərginin də hər kəsə əlçatan olması və rahat gediş-gəlişi üçün Mədəniyyət Nazirliyi tərəfindən "Elmlər Akademiyası", "28 May" və "Koroğlu" metrostansiyalarından Bakı Ekspo Mərkəzinə ödənişsiz xüsusi avtobuslar təşkil edilmişdi. Bu fürsətdən istifadə edən ali və orta ixtisas müəssisələri, ayrı-ayrı oxucular axın-axın sərgiyə gəlir, pavilyonlarla, naşirlərlə, yazıçı-şairlərlə və elm adamları ilə ünsiyyət qurur, saysız-hesabsız təqdimat mərasimlərində iştirak edir, kitab alır, bir sözlə, evlərinə əsl bayram əhvali-ruhiyyəsi ilə dönürdülər.
Builki sərginin xüsusi önəmi ondan ibarət idi ki, həm Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş, həm də tam və qəti qələbəmizi maraqlı kitablarla özündə ehtiva etmişdi. Ona görə də sərgi ikiqat bayram əhvali-ruhiyyəsi yaradırdı. Bir naşir kimi deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövrünü Azərbaycanda kitab nəşrinin intibah dövrü hesab etmək olar. Azərbaycan ədəbiyyatının təkamülü hesab edilən həmin dövrdə yaranmış bədii əsərlər, maraqlı romanlar, povestlər, şeirlər, dünya ədəbiyyatı incilərindən tərcümələr "Azərnəşr"in və digər nəşriyyatların qrifi ilə yüksək tirajlarla çap olunaraq oxuculara çatdırılırdı. O vaxtlar belə sərgilər keçirmək fürsətimiz olmasa da, ən ucqar bölgələrimizdə belə bu kitabları insanlar, xüsusilə gənclər əldə edib oxuyurdular.
Fəaliyyətə başladığı 1923-cü ildən bəri "Azərnəşr" ən mühüm təbliğat vasitəsi kimi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdu. Çünki Heydər Əliyev kitab nəşrinin inkişafına və zənginləşməsinə diqqət və qayğıkeşliklə yanaşırdı. Təsadüfi deyildir ki, o vaxt Mərkəzi Komitə birinci katib Heydər Əliyevin təşəbbüsü ilə Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti işləri Komitəsinin daha da inkişaf etdirilməsi ilə bağlı xüsusi qərar qəbul etmişdir. Məhz həmin qərardan sonra nəşriyyat-poliqrafiya müəssisələri, demək olar ki, yenidən qurulmağa başladı. Ən müasir poliqrafiya avadanlıqları alındı, kitab ticarəti dövriyyəsi ikiqat artdı. Dövlətnəşrkomun bütün müəssisələrinin ev növbəsində dayanan əməkdaşları üçün yeni yaşayış binası, ailəvi yataqxana, uşaq bağçası tikildi. Mənə də gənc mütəxəssis kimi həmin binadan mənzil verildi.
Ulu Öndərin zəngin irsi, ayrı-ayrı əsərləri 1969-1990-cı illərdə "Azərnəşr" tərəfindən Azərbaycan və rus dillərində çap edilmişdir. Bundan başqa, ictimai-siyasi ədəbiyyatın tipologiyasında xüsusi əhəmiyyət kəsb edən çoxcildli əsərləri də nəşriyyatımız tərəfindən çap olunmuşdur. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra siyasi fəaliyyətini əhatə edən "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 46 cildi özünün təşəbbüsü və tapşırığı ilə "Azərnəşr" tərəfindən nəfis tərtibatda çap olunaraq ictimaiyyətə çatdırılmışdır.
2001-ci ildən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərnəşr"in kollektivi 2008-ci ildən cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən bütün çıxış, nitq, məruzə, görüş və məktublarını "İnkişaf – məqsədimizdir" adlı çoxcildlikdə ən yüksək poliqrafik keyfiyyətdə nəşr edir. Bu günlərdə 131-ci cild işıq üzü görəcək. Prezident neçə illərdir ölkəmizdə ədəbiyyata, mədəniyyətə, kitab sənayesinə, müasir standartlara cavab verən nəşriyyatların yaranmasına və inkişafına ciddi dəstək verir. Kağız idxalının və istehsalının ƏDV-dən azad olunması, eləcə də hər il bir çox ölkədə Azərbaycanın kitab mədəniyyətinin təbliğinə şərait yaradılması bu qayğının təzahürüdür.
Qeyd etmək yerinə düşər ki, Mədəniyyət Nazirliyi də öz imkanları hesabına Bakı Ekspo Mərkəzində ödənişlərə əlavə güzəşt etdi, hər nəşriyyata ödənişsiz yer ayırdı ki, bu da nəşriyyatlara və müəlliflərə məhsullarının satış-sərgisini keçirmək, özlərini reklam etmək imkanı yaratdı. Çünki sərgi istehsalçının vitrinidir, məhsulunu alıcının önünə çıxarır. Mədəniyyət Nazirliyinin bu addımı naşirləri ürəkləndirdi, onlara stimul verdi.
Sərgidə "Zəfər", "Şuşa" və "Xudafərin" adlı üç təqdimat zonası fəaliyyət göstərirdi. Hər zonada gündə bir neçə yeni nəşr olunmuş kitabın təqdimatı, yerli və xarici yazar və naşirlərlə görüş, müzakirə və diskussiyalar keçirilirdi. Sərginin ən yaxşı stendi, ən aktiv naşiri, ən çox oxunan müəllifi elan olunur və mükafatlandırılırdı. Demək olar ki, əksər nəşriyyatlar, poliqrafiya müəssisələri öz kitablarının təbliğatına yüksək səviyyədə yanaşır və geniş oxucu kütləsi cəlb edirdi. Qardaş Türkiyənin pavilyonu dolub-boşalır, bir-birindən dəyərli kitabları nümayiş etdirilirdi. M.F.Axundzadə adına Milli Kitabxana isə təkcə bu il ərzində Qarabağ Zəfəri ilə bağlı 5 adda yüksəkkeyfiyyətli kitabının təqdimat mərasimi keçirdi. C.Cabbarlı adına Gənclər Kitabxanası da öz daxili imkanları hesabına nəşr etdiyi kitabların təqdimatını keçirdi. "Şərq-Qərb", "Hədəf”, "Qanun", "Teas Press", "Təhsil", "Altun kitab", "Parlaq imzalar", "Everest" və s. nəşriyyatlar tarixi, elmi, publisistik və bədii əsərləri ilə sərgiyə xüsusi rəng qatdılar. Ümumiyyətlə, builki sərgi əsl rəqabət meydanı idi.
"Azərnəşr" bu sərgidə 2 kitabının təqdimat mərasimini keçirdi. Hüquq elmləri doktoru, çoxsaylı tədqiqatların müəllifi Fazil Zeynalovun "Şuşa – müqəddəs Azərbaycan şəhəri" kitabı nəşriyyatımızın nəfis tərtibatda çap etdiyi ən maraqlı nəşrlərdən biridir. Mərasimdə çıxış edən tarixçi alim və tədqiqatçılar Şuşanın tarixinə, mədəniyyətinə qısa səyahət edərək kitabın çox dəyərli mənbələrlə zəngin olduğunu vurğuladılar. İkinci təqdimatımız isə Xocavəndin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin xatirəsinə həsr edilən "Vətən sizə minnətdardır" kitabı oldu. Kitabda şəhidlərimizin uşaqlığından, gəncliyindən və keçdikləri döyüş yolundan bəhs edilir. Lerik rayonunun Kəlvəz kəndindən olan, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş qardaşların – Bəhram və İmanın atası Elman Məmmədovun yüksək vətənpərvərlik ruhundakı çıxışı bütün iştirakçılara duyğusal anlar yaşatdı. Dəvət olunmuş şəhid ailələri onlara göstərilən diqqətə və övladlarının xatirəsinin əziz tutulmasına görə minnətdarlıq etdilər. Tədbirin sonunda şəhid ailələrinə və digər tədbir iştirakçılarına müxtəlif kitablar paylandı. Yaddaqalan anlardan biri də şəhidlərimizin qanı-canı bahasına azad etdikləri Kəlbəcər rayonundan gətirdiyim dünya şöhrətli "İstisu"yun şəhidlərimizin ruhuna ehsan kimi iştirakçılara paylanması oldu.
Sərgidə maarifləndirici və intellektual söhbətlərə geniş yer verilir, xarici qonaqlarla, naşirlərlə görüşlər keçirilirdi. Bu il fəxri qonaq kimi ilk dəfə Rusiya təmsil olunurdu. Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov Bakı Beynəlxalq Kitab Sərgisini Cənubi Qafqazın ən böyük ədəbi tədbiri kimi dəyərləndirdi və bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür etdi.
Bayram ab-havalı sərgidə təkcə kitablar sərgilənib satılmırdı, "dəyirmi masa"larda, diskussiyalarda kitabın və nəşriyyatların üzləşdiyi problemlər müzakirə olunur, məruzələr edilirdi. Ölkəmizin nüfuzlu ziyalıları, Milli Məclisin üzvləri də müzakirələrə qatılırdı. Sərgi bir növ tribunaya çevrilmişdi. Hər kəs fikrini ifadə etməkdə azad və rahat idi, çünki azad mikrofon, sərbəst düşüncə mühiti yaradılmışdı. Belə sağlam mühit yeni yazarlar, müəlliflər, yeni oxucular yetişdirir. Biz sərgidə bunun şahidi olduq ki, bu da çox sevindirici haldır.
Azərbaycanda da kitab artıq əmtəə kimi bazara çıxarılır. İnsanlar sərgi günlərində kitabla qidalanır, qida və əşya ilə bərabər kitab alırdılar. İllər boyu biz bunu gözləmiş və arzulamışıq, kitab almağa vərdiş yaranır, valideynlər kiçikyaşlı uşağına kitab almaq üçün büdcəsindən vəsait ayırır və əlindən tutub sərgiyə gətirirdi. Bakı Ekspo Mərkəzi kimi böyük əraziyə malik meydan uşaqların səsləri, gülüşlərilə dolub-daşırdı, kiçikyaşlı uşaqların oynaması, bir-birilə qaynayıb-qarışması üçün onlara xüsusi ərazi də ayrılmışdı. Bu sərgidə əmin oldum ki, biz az kitab oxuyan, kitaba küskün xalq deyilik. Əvvəllər kitabların bahalığından şikayətlər olurdu, gənclər kitabın qiymətilə imkanlarımız üst-üstə düşmür, deyirdilər. Bu sərgidə elə stendlər vardı ki, qarşısında kitab almaq üçün gənclər uzun növbələr yaratmışdılar. Oxucular böyük endirimlərdən faydalanırdılar, hətta hədiyyələr belə edilirdi. Panellərdə keçirilən tədbirlərdə müasir ədəbi mühit və cərəyanlar barədə müxtəlif fikirlər, yanaşmalar təqdim edilirdi. Ədəbiyyatımızda bu mövzuların inkişafı, beynəlxalq səviyyədə təcrübə, milli naşirlərin xarici mətbuatda, kitab sərgilərində təqdimatı, həmçinin onların tərcümələrinin düzgünlüyü, eləcə də kitab çapı sahəsindəki problemlərə toxunulurdu.
Qeyd etdiyimiz kimi, nəşriyyatların sərgilərə çox böyük ehtiyacı var, rəqabət üçün onlara əla fürsətlər yaranır. Burada özlərinin fərqliliyini, çatışmazlığını görür, növbəti sərgiyə hazırlıq planlarını qururlar. Yeni müəllif, oxucu qazanır, yeni nəsil oxucusunun tələb və təklifini, marağını öyrənir, əlaqələr yaradır. Sərgidə yazarlar və oxucular arasında canlı görüş yaranmışdı, bir çox müəllif kitablarını özləri sərgiləyir və satışını həyata keçirirdi. Oxucular kitabı müəllifin özündən alır, onunla söhbət edir, imza alır, şəkil çəkdirir, fikirlərini sərbəst şəkildə ifadə edirdilər. Bütün bunlar oxucu ilə müəllif arasında çox gözəl ünsiyyət vasitəsi yaradır. Kitab oxuyan nəsillər gələcəyin memarlarıdır. Kitabları oxunan cəmiyyət sağlamdır. 2009-cu ildən bəri təşkil edilən və ən yüksək səviyyədə təşkil olunan builki kitab sərgisi də cəmiyyətimizin mənəvi sağlamlığına xidmət etmək məqsədi daşıyır.
Sərgidə məni ən çox düşündürən məqamlardan biri Azərbaycan kitabının dünya bazarına necə çıxarılması, xalqımızın keçdiyi keşməkeşli yolu, şanlı tariximizi, başımıza gətirilən faciələri, həmçinin elmi-kütləvi və tarixi kitabların dünya kitab xəzinəsinə necə transfer edilməsidir. Uzun illər dünya ədəbiyyatının ən müxtəlif janrlarını, tarixi-elmi əsərləri dilimizə çevirmişik və təbii ki, bu, böyük nailiyyətdir. Bəs necə edək ki, Azərbaycan tarixini, elmini, ədəbiyyatını və mədəniyyətini özündə ehtiva edən kitablarımızı dünya ictimaiyyətinə çatdıraq... Şəxsi qənaətimə görə, bu, həlli vacib, çox aktual və düşündürücü problemdir. Sadə dillə desək, özümüz deyib, özümüz eşitməməliyik.
Fürsətdən istifadə edib sərginin yüksək səviyyədə təşkili və keçirilməsinə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə, Kitab sənayesi şöbəsinin bütün əməkdaşlarına, ümumən, təşkilatçıların hamısına təşəkkür edirəm. Kitabla bağlı baş verən hər hadisə sevindiricidir, ümidvericidir. Hamımız ölkəmizin ən böyük mədəniyyət hadisəsi olan kitab sərgisinin hər il daha mükəmməl və daha möhtəşəm keçirilməsini arzu edirik. Bunun üçün biz naşirlər var gücümüzlə çalışmalı, növbəti sərgilərə yeni və maraqlı kitablarla getməliyik. Biz tam Zəfər çalmış qalib xalqıq. Şübhə etmirəm ki, beynəlxalq sərgilərdə də Zəfərimizə və xalqımıza layiq kitablarla təmsil olunacağıq.
Əlövsət Ağalarov
"Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist
“Azərbaycan” qəzeti 24.11.2023