18-20 dekabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Mədəni İrs Forumu keçiriləcək. Forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində təşkil olunacaq.
Forumda tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
“Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq-şəhəralma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.
Forumda iştirak etmək istəyənlər 10 dekabr tarixinədək onlayn müraciət forması (https://culture.az/medeniirsforumu) ilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, bu, cari ildə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi və hazırda davam edən (28-30 noyabr) yaradıcı sənaye forumlarından sonra keçiriləcək növbəti forumdur.