Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Xalq artisti, bəstəkar, professor Vasif Allahverdiyevin 60 illik yubileyinə həsr edilmiş “Ömür yolu” adlı yeni sənədli filmin təqdimatı olub.

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Təqdimat mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın yaradıcılığının formalaşmasında onun müəllimi unudulmaz sənətkarımız İsmayıl Hacıbəyovun böyük rolu olduğunu bildirib. O, Vasif Allahverdiyevin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Ömür yolu” simfonik poemasının hətta Almaniyada səsləndiyini xüsusi vurğulayıb. Anadan olmasının 60 illik yubileyi münasibətilə bəstəkara təbriklərini çatdıran Firəngiz Əlizadə ona Bəstəkarlar İttifaqının diplomunu təqdim edib.

Tədbirin aparıcısı - sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamova film haqqında məlumat verib. O qeyd edib ki, ekran əsərində müasir dövrün musiqiçiləri ilə yanaşı, unudulmaz sənətkarlarımız Arif Məlikovun, İsmayıl Hacıbəyovun, Vasif Adıgözəlovun bəstəkar haqqında çıxışları daxil edilib. Film boyu Vasif Allahverdiyevin əsərlərindən fraqmentlər səslənib.

Filmin nümayişindən sonra bəstəkar Vasif Allahverdiyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə, həmçinin tədbirə gələn sənətsevərlərə, filmin ərsəyə gəlməsində zəhməti olan Naxçıvan Televiziyasının əməkdaşlarına və ssenari müəllifi Samirə Səfərovaya minnətdarlığını bildirib.