İstanbul şəhərində “Türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib. 23-24 noyabrda İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəyik Dərnəyinin birgə təşkil etdiyi simpoziuma 17 ölkədən alimlər qatılıb.

Dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli, İstanbul Universitetinin rektoru professor Osman Bülənd Zülfiqar, Türkiyyat Araşdırmaları İnstitutunun müdiri professor Mustafa Balcı açılış nitqi söyləyiblər.

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə sığınan və İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının rəhbəri olan professor Əhməd Cəfəroğlunun qızı, Sabancı Muzeyinin müdiri professor Nazan Ölçer simpoziumu təşkil edənlərə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini dilə gətirib.

Azərbaycan Milli Məclisinin deputatı, akademik, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov türk xalqlarının müxtəlif dönəmlərdə köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpozumun önəminə diqqəti çəkib.

Rafael Hüseynov simpoziumda “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası” adlı məruzəsini də təqdim edib.

İki gün davam edən simpoziumda professorlar Yavuz Akpınarın “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, Abdulhamit Avşarın “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, Səbahəddin Şimşirin “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”, Atilla Jormanın “Görkəmli şair Mehmet Sadıq Aran”, Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirətdəki siyasiləri: ədəbiyyat və təbliğat”, Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji baskısı kontekstində”, Əhməd Sami əl-Aydinin “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, dosentlər İzzətullah Zəki və Firuz Fevzinin “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, Bakıtgül Kuljanovanın “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, Orhan Arasın “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış” və digər məruzələr dinlənilib.

Simpozium iştirakçıları İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbini ziyarət edib, tədris ocağının fəaliyyəti ilə də tanış olublar.