Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Buziness Club” və “Archeda Group”un təşkilatçılığı ilə “Dizayn dediyin belə olar!” adlı təlim-seminar keçirilib.
AzMİU-dan bildirilib ki, seminarın məqsədi dizayn ixtisası üzrə təhsil alan tələbələri bu sahənin incəlikləri, yenilikləri ilə bağlı məlumatlandırmaq olub.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili belə təlim xarakterli seminarların keçirilməsinin universitetdə artıq ənənə halını aldığını, tələbələrin öz ixtisaslarını daha yaxşı mənimsəmələrinə, ixtisasları üzrə gələcək fəaliyyətlərinə və praktiki vərdişlərə yiyələnmələrinə müsbət təsir edə biləcəyini vurğulayıb.
İki yüzə yaxın tələbənin iştirak etdiyi təlimdə AzMİU-nun məzunu, dizayner Afaq Həşimli və Mustafa Yusifov müasir dövrdə dizayn inkişafının tendensiyalarından, dizaynın sosial sferada rolundan danışıblar.
Daha sonra Əsmər Zöhrablı interyer dizaynı, Aytac İsmayılzadə isə qrafik dizayn üzrə tələbələrə təlim keçiblər. Onlara iş qabiliyyəti ilə yanaşı, zövqü, ideyaları formalaşdıran dizayn sahəsində daha sürətli inkişaf etməyin sirləri izah olunub.
Tələbələrlə diskussiya şəklində davam edən seminarda onları maraqlandıran suallar əhatəli cavablandırılıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilindən başlayaraq AzMİU-da Dizayn fakültəsi yaradılacaq və universitetin Memarlıq fakültəsinin tərkibində tədris olunan dizayn ixtisasları yeni fakültəyə veriləcək. Bunu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə dizayn kafedrasının yaradılmasının 25 illiyinə həsr olunan dizayn sərgisində ictimaiyyətə açıqlayıb.