Nocyabrın 28-də Muzey Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

“Yüz ilin rəngləri” adlı sərgi-tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün universitet kollektivi üçün bayram olduğunu vurğulayıb. Qeyd edib ki, 2023-cü il ölkəmiz üçün dahi siyasətçi, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam bərpası, Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycan bayrağının ucaldılması ilə əlamətdar oldu: “Həmçinin bu il bizim üçün Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi kimi mühüm bir hadisə ilə əlamətdardır. Bu münasibətlə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncam isə bizi həm çox sevindirdi, həm qürurlandırdı, həm də böyük bir məsuliyyət yaratdı. Bir il ərzində bir-birindən maraqlı tədbirlər keçirdik. “Yüz ilin rəngləri” sərgisi də həmin tədbirlərdən biridir...”.

Rektor qeyd edib ki, tədris ocağı bu 100 ildə müxtəlif rəngləri özündə birləşdirən möhtəşəm bir palitra yaradıb: “O palitrada bizim bayrağımızın mavisi, qırmızısı, yaşılı, günəşin sarısı, universitetimizin narıncısı, həmçinin yolu Mədəniyyət və İncəsənət Universitetindən keçən dahi sənətkarların rəngləri cəm olub. Bu rənglər kəhkəşanında biz ölkəmizin bir əsrlik möhtəşəm mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini görə bilirik”.

Tədbirdə Xalq rəssamları – Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, ADMİU-nun Rəssamlıq fakültəsi Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əziz, Xanlar Əhmədov və başqaları çıxış edərək universiteti 100 illik yubileyi münasibətilə təbrik ediblər. Universitetin Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafındakı rolundan söz açılıb.

Sonra ADMİU-nun Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının hazırladığı dəfilə təqdim olunub.

Sonda tədbir iştirakçıları Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Muzey Mərkəzində “Yüz ilin rəngləri” sərgisi iki gün davam edib.