XX əsrdə yaranmış avanqard sənət cərəyanlarından biri də sürrealizmdir. Qəribəlik, irrasionallıq, standartlara cavab verməmək bu cərəyan üçün xarakterikdir. “Realizmin fövqündə” anlamını verən sürrealizm cərəyanı bu və ya digər formada çağımızda da yaşadılır. Azərbaycanda da sənətin müxtəlif sahələrində, o cümlədən ədəbi yaradıcılıqda bu cərəyanın təzahürlərinə rast gəlmək olur.
“Mədəniyyətə könül verənlər” rubrikasının budəfəki qonağı sürrealist rəssamlarımızdan Sürəyya Zeynalova-Muğanlıdır.
Sürəyya xanım 1957-ci il iyulun 1-də Saatlı şəhərində anadan olub. İlk təhsilini Saatlı rayon 33 nömrəli dəmiryol məktəbində alıb. 1974-1978-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci), 1984-1989-cu illərdə isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
Rəssam bildirir ki, yüksək göstəricilərlə oxuduğu üçün təhsilini davam etdirmək məqsədilə onu Ukraynanın Xarkov şəhərindəki Rəssamlıq Akademiyasına göndərmək istəyirlər. Lakin atası razılıq vermir. Üstəlik, Saatlıda ixtisası üzrə işləmək üçün şərait də olmur: “Çox əziyyət çəkirdim. Lakin ruhdan düşmədim və yaradıcılığımı inkişaf etdirmək üçün daim öz üzərimdə işlədim”.
Sürəyya xanım 1979-cu ildə Saatlı rayonunda ümumtəhsil məktəblərində təsviri incəsənət müəllimi kimi də fəaliyyət göstərir. 2019-cu ilədək təhsil ocaqlarında bu sənətə maraq göstərən uşaqları düzgün istiqamətləndirir, onların yetişməsində böyük rol oynayır. O, həmçinin bir çox kitablara bədii tərtibat da verir.
1983-cü ildə Sürəyya Zeynalovanın şəxsi kolleksiyası hesabına Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi yaradılır. Həmin dövrdə onun kolleksiyasında 400 ədəd eksponat vardı. Müsahibim o ildən bu günədək muzeyə rəhbərlik edir.
Rəssam bildirir ki, əl işlərinin çoxunu sürrealizm üslubunda ərsəyə gətirib: “Əsərlərimdə daha çox insan hisslərini ifadə etməyə çalışıram. Sürrealizm üslubunda işlədiyim əsərlərin mövzuları xəyal gücümün və daxili dünyamın məhsuludur. Bu səpkidə əsərin əvvəlcə ideyası formalaşır, sonra eskizi hazırlanır və yekunda kətan üzərinə köçürülür”.
Yaradıcılığında tarixi, vətənsevərlik, ailə-məişət və digər mövzularda əsərlərə rast gəlmək olar. Müsahibim qeyd edir ki, yeni nümunələr yaradarkən bəzən çox maraqlı ideyalar ortaya çıxır. Bir neçə ideyanı birləşdirəndə isə insanlar üçün anlaşılmaz olur və bu artıq sürrealizmə dayanır. Rəssam bu üslubda bir-birindən maraqlı əsərlər ərsəyə gətirib. Əl işlərinin arasında “İlkinliyin itməyən işığı və ya duyğu” adlı əsəri isə xüsusilə maraqlıdır. Müəllif bu əsəri haqqında deyir: “Hər insan hüceyrəsinin özünə görə bir ritmik dalğası var. Təkcə maddi deyil, düşüncələrimiz, duyğularımızın da ritmik dalğası var. Məsələn, zəif titrəyiş xəstəlik, ölüm gətirir. Əsərdə də bu kimi düşüncələr təsvir olunub”. Bundan başqa, rəssamın “Vətən nəğməsi”, “Sirli aləm”, “Dədə Qorqud”, “Vəhdət”, “İkilikdə”, “Müharibənin səsi” və s. əsərləri bu mənada diqqətəlayiq nümunələrdir.
Sürəyya Muğanlının indiyədək paytaxtımızda və bir sıra bölgələrdə fərdi sərgiləri açılıb. 2010-cu ildə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Muğanın rəngləri” adlı fərdi sərgisi təşkil edilib. Rəssamın 50-dək əl işinin yer aldığı eyniadlı sərgisi 2014-cü ildə “Baku Creative Center”də də təşkil edilib. Rusiya, İtaliya, Fransa və digər ölkələrdə də əsərləri nümayiş etdirilib.
Bu yaxınlarda rəssamın ABŞ-nin Portland şəhərindəki Oreqan Müasir İncəsənət Mərkəzində “İlkinliyin itməyən işığı” adlı sərgisi açılıb və əsərləri maraqla qarşılanıb. Sərgidə müəllifin əsasən fəlsəfi fikirlərini özündə əks etdirən 35 əsəri amerikalı sənətsevərlərə təqdim edilib. Sərgini ziyarət edənlər arasında məşhur fotoqraf Kristofer Rauşenberq də olub.
Qarşıdakı planları haqqında məlumat verən müsahibimiz deyir ki, yaxın zamanlarda ABŞ-nin Çikaqo şəhərindəki muzeylərdən birində və bir neçə Avropa ölkəsində də sərgisinin keçirilməsi nəzərdə tutulub.
Sonda qeyd edək ki, Sürəyya Muğanlının yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2014-cü ildə o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Nurəddin