Yaxud tamaşaların görünməz qəhrəmanı
Ömrü işıqlı səhnənin qaranlıq sol küncündə, gur alqışların, xoş təbəssümlərin, muncuq kimi işıldayan gözlərin hərarətini qıraqdan duyub, özünü bu boyda səadətin kənarından “qucaqlayan”ları bir dəfə səhnənin mərkəzinə – mizanda birinci plana gətirək. Özü də İmadəddin Nəsiminin “Dilbəra, mən səndən ayrı ömrü, canı nеylərəm?” qəzəlini yada salaraq.
Çünki o da ömrünü verdiyi sənətdən ayrı bir ömür təsəvvür etmir. Həm də ona görə ki, onunla söhbətimin hər cümləsində mənə şeir kimi həzin təəssürat yaşatdı. Daxilən zəngin, qəlbi kövrək, ürəyi böyük, arzuları nəhayətsiz, ən əsası da, sənətə sevgisi əngindir. Məhz bu keyfiyyətlər heç də hər teatr adamında, özü də kulisdə səhnə həsrətli teatr adamlarında olmur.
Beləliklə, “Bir ömür sənət” rubrikamızın qonağı illəri yarıqaranlıq kulislərin kiçik masalarındakı kağız-kuğuzlar arasında keçirən, rejissorların görən gözü, vuran ürəyi, arabir həm də “günahkar” bəllədikləri sənət fədailərindən biri – Akademik Milli Dram Teatrının rejissor assistenti Dilbər İsmayılovadır.
O teatrdakı məşqlərə tez-tez getdiyimdən rejissorların “Dilbər xanım, remarkaya bunu da əlavə elə”, “Dilbər, mətnə bax, replika belə deyildi, axı”, yaxud da aktyorların “Yaxşı, yadımdan çıxmaz daha”, “Ay Dilbər, keçən məşqdə rejissor belə de demişdi axı” kimi sözləri tez-tez eşidir və kulisdən zorla duyulacaq tondakı təsdiq və inkarlarını çox eşidirdim. Düzü, hər məşq fasiləsində mən rejissorla müsahibəyə başlayar-başlamaz pyes və əlavə cızmaqaraların olduğu dəftərini qucaqlayaraq sürətlə yanımızdan keçən bu xanım qadınla söhbət arzum çoxdan yanmışdı. Məncə, səhnədə, mərkəzdə olanlardan çox kulisdəkilərin “sinəsi” daha dolu, arxivləri daha zəngindir. Həm də bu mənada Dilbər xanım və onun timsalında digər uzunmüddətli iş təcrübəsinə malik “pomrej”lər mənə maraqlı olub.
İnsafən, müsahibimin də ürəyi dolu idi. Amma seçib danışdı və daha çox haqqında dəfələrlə danışılan, yazılan başqalarından – teatrdan, rejissorlardan, aktyorlardan bəhs ilə onları önə çəkməyə çalışdı. Təbii ki, mən də məhz onu ön plana çəkmək üçün hər dəfə söhbəti özü üzərinə gətirdim...
Teatra daxil olarkən xidməti qapıdakı əməkdaş “Dilbər xanım “səhər jurnalist gələcək” dedi və sizə yolu göstərməyi xahiş etdi” deyəndə artıq müsahibim özü binanın həyətində idi. Məsuliyyət və diqqətlə təyin olunan vaxtda.
Salamlaşıb otağına qalxdıq. Əlindəki topa açarlardan birini “açar dəliyi”nə sala-sala “Yaxşı ki, məşq elə indicə bitdi. Elə həyəcanlı idim ki. Qorxdum məşq uzanar, siz gözləyərsiniz” deyib cəld işığı yandırdı. Girişdəki güzgüdə özünə ani nəzər salaraq “Heç üz-gözümə də baxmamışam e. Gərək əl gəzdirim” deyib gülümsədi.
Fotoqrafımızın hələ gəlmədiyini fürsət bilib ikimiz də üz-gözümüzə yüngülcə əl gəzdirdik. Sonra ona aid kiçik masaya yaxınlaşıb sərgini xatırladan fotolara baxdıq. Çoxlu sayda ağ-qara, adda-budda rəngli fotolardakı özünü nişan verə-verə “Baxmayın ki, indi yaşa dolmuşam, cavanlığım belə idi” deyib qapqara gözlərini daha geniş açaraq düz gözlərimə baxdı. Əslində, heç nə təsdiqimə, nə də əlavə iltifatıma ehtiyacı yox idi. Bu baxış tam başqa eyham idi: sənətdə keçən səssiz-səmirsiz illərin yükündən silkinmək. Mən də söhbətə oradan başladım və niyə “Rejissor yox, rejissor köməkçisi olmağı seçdiniz” sual ilə birbaşa mətləbə keçdim.
Beləcə, onun sadə həyat hekayəsinə qulaq verək: “– 1959-cu ildə müəllim ailəsində doğulmuşam. Üç oğlan, bir qız olmuşuq. Orta məktəbi qurtarandan sonra rəssamlıq marağımla, bitirdiyim dizayner kursu məzunu kimi Dövlət Gənc Tamaşaçılar Teatrına gəldim. Bacarığıma baxdılar və 1976-cı ildə məni butafor sexinə işə götürdülər. Biz ora beş qız gəlsək də, dördü qısa zamandan sonra teatrdan getdi və təkcə mən qaldım. Teatr məni cəlb etdi və saxladı.
1980-ci ildə İncəsənət Universitetinə – Teatr kollektivlərinin rejissorluğu fakültəsinə daxil oldum. O vaxt da rəhmətlik Azərpaşa Nemətov Rusiyadan təzə gəlmişdi, teatrda yeni-yeni tamaşalar qoymağa başladı. Rejissor assistenti kimi onunla çalışmağa başladım. Yəni rəssam kimi gəlsəm də, sonradan rejissor assistentliyi məni daha çox cəlb etdi və teatrda qaldım. Əslində, teatrdan başqa yerə gedə də bilməzdim. Sınadım, 90-cı illərdə bir müddət dövlət televiziyasında işlədim də. Amma sonra anladım ki, mənim yerim teatrdır və elə ora da qayıtdım. Bir də onda ayıldım ki, 35 yaşıma çatmışam. Sonra sənətə ailə həyatı da əlavə olundu. Yoldaşım da radioda diktor idi. Yəni biz sənətə bağlı ailə olmuşuq. 40 yaşında da oğlum dünyaya gəldi...”.
Ondan bu şöhrətli teatrların pərdəarxasındakı intriqalar və ümumən sənətin, səhnənin, orada gördüyü işin ona nə verdiyini də xəbər aldım. Bir az düşündü, hiss olundu ki, hansısa sözü demək üçün tələsmir, analiz edir, öz tərəzisində çəkir: “Teatr mənə nə verdi deyəndə ki, mən ondan nə isə almaq, əldə etmək barədə düşünməmişəm. Buna qarşılıqsız sevgi də demək olar. Məncə, teatrın mənə ən böyük ərməğanı ona vurğun olmağımdır. İnanın, həyat dolanbaclarında, pis-yaxşı günlərimdə bu sənət mənim əlimdən tutub, təsəlli olub, yol göstərib, yıxılmağa, özümə qapanmağa, dünyadan küsməyə qoymayıb. Mən ondan başqa nə uma bilərəm ki, bu qədər yaxşılığından sonra?”. Bu yerdə sual dolu nəzərlə və bir az da məzəmmətlə məni süzəndə yadıma gur-gur guruldayan köhnə-təzə Kəbirlinskilər düşdü. Öz-özümə “Yaxşı ki, teatrdan umacağı olmayan adamlar daha çoxdur” deyib sualımın əsas məqamını – qocaman sənət ocağının kulislərindəki hamıya maraqlı (inkar etsəniz, səmimiyyətinizə məhz əlahəzrət teatr özü inanmaz) intriqalarından soruşdum.
Bütün ağzıbütöv “pomrejlər” kimi sirr vermədi: “Çox şey görüb, çox şeylər eşitmişəm. Eh, nələrə şahid olmamışam ki? Amma hamısı bax burada – ürəyimdədir. Niyə? Çünki tamaşaçı üçün də, aktyor üçün də əsas meydan səhnədir. Bir də axı, mənim o intriqalarda nə işim? “Az aşım, ağrımaz başım” deyib elə o teatrda da, burada da başımı aşağı salıb öz işim ilə məşğul olmuşam. Özü də, vallah, indi siz deyən intriqalar da yoxdur. Köhnələrə baxmayın, indiki nəsil başqadır. Digər tərəfdən, iş, məşq, oxunuşlar, səfərlər, repertuar və səyyar tamaşalar o qədər çoxdur ki, başımızı qaşımağa vaxtımız yoxdur, nəinki oturub qeybət eləməyə. Mən belə görürəm və belə də edirəm”.
Son cümləni elə əmin dedi ki, məni söhbətin məcrasını dəyişməyə vadar etdi və sadəlövhcəsinə “Yaxşı, ay rejissor köməkçisi, əsas işiniz nədən ibarətdir” deyib dəstələdiyi qaralamalarla dolu vərəqləri göstərib “Məgər rejissor “çitka”larda etmir bu düzəlişləri? Səhnəyə düşəndən sonra pyes üzərində bu boyda həngamə yormur truppanı?” deyib onu sualdan yayındıra-yayındıra həm də sözə çəkirəm: “Kənardan müşahidə etmişəm, amma fərqinə varmamışam. Mənə öz işim maraqlıdır. Bir də yaradıcılıq olan yerdə həsəd də, paxıllıq da olur. Bu da “Kaş o rolu mən oynayardım” və ya “Mən ondan daha yaxşı oynayardım” kimi müqəddəs həsəd və paxıllıqlar olur” deyib aktyorlar arasında bölünən remarkaları göstərdi: “Baxın, əvvəl əsər oxunuş dediyimiz prosesdən keçir. Bəzən elə oradaca da bölünür. Amma sonradan proses zamanı – yəni məşqdə rejissor mizanlara uyğun olaraq yenidən dəyişiklik və əlavələr edir. Rejissor assistenti kimi mənim də işim bununla başlayır”.
Söhbət zamanı rejissorlar, onların iş üslubu və xarakteri ilə bağlı da müqayisələrini eşitdim. Maraqlıdır ki, diqqətli müşahidəçi olmaqla yanaşı, həm də bir rejissor kimi olduqca zövqlüdür. Bu barədə sitatlarla müqayisələrindən sonra ondan öz rejissoru barədə soruşdum. Bu dəfə də “susmaq qızıldır” prinsipi ilə söhbəti ustalıqla dəyişdi və “Burada daha yaxşıdır, hər assistent bir tamaşa ilə məşğul olur. Amma 20 il “Gənc Tamaşaçılar”da beş rejissorun tək assistenti mən olmuşam. Təsəvvür edirsiniz, səhnənin qırağında yatırdım, tezdən gecəyədək qısa fasilələrlə məşqlər olurdu. Sizə zarafat gəlməsin. Amma bezmirdim, deyinmirdim. Yəqin cavan idim, ya da həvəsli. İşimdən zövq alırdım. Özü də o teatrın da ən gözəl zamanları idi. Görün, hansı böyük rejissorlarla işləmişəm. İndi o illərə baxanda özümə də qəribə gəlir”. Və fotolar arasından Xalq artistləri Ağakişi Kazımov, Cənnət Səlimova, Həsənağa Turabov, Əliabbas Qədirov, Yaşar Nuri, Azərpaşa Nemətov, Əməkdar incəsənət xadimləri Bəhram Osmanov, Mehriban Ələkbərzadə ilə şəkillərini çıxarıb bir-bir göstərdi.
“Dilbər xanım, iş prosesində sizi ən çox kim əsəbiləşdirir: “hakimi-mütləq” rejissorlar, yoxsa, icrasında deyingən aktyorlar” sualımı ağzımda qoyub “Yox, “zakulis”də səs salan aktyorlar” deyərək qəşş elədi. Sonra “Səhnə ciddiliyi sevir və işə məsuliyyəti. Peşəni sevməkdən əlavə, ona məsuliyyətlə yanaşmaq lazımdır. Bu mənada, bizim teatrda qayda-qanun, nizam-intizam da daim nümunədir. Amma bir şeyi əminliklə deyə bilərəm ki, bizim teatr hər mənada nümunədir və bu, sizə asan gəlməsin. Arxasında böyük ənənə var. Teatr özü tərbiyə ocağı, böyük məktəbdir” dedi.
Dilbər xanımdan çox sevdiyi teatrının məşhur artistlərinin, ulduz sənətkarlarının “kapriz”lərini də xəbər aldım. O, “Mən gələndə burada böyük sənətkar Leyla Bədirbəyli və o nəslin zərif, bənzərsiz sənətkarlarını görmüşəm. O aktrisalar səhnədə də, səhnə arxasında da zərif, nəzakətli, gözəl, mehriban idilər, elə indikilər də” deyəndə bunu da soruşmaqdan özümü saxlaya bilmədim: “Niyə şöhrətli aktrisalarınız ilə premyeralardan sonra şəkillər çəkdirmirsiniz? Maraqlıdır, illərdir bir səhnədə çalışırsınız da. Bu mənada təmasınız zəifdir?”. Təmkinini pozmadan “Hər kəs öz yerini bilməlidir” deyib, sadə və səmimi münasibəti ilə onun yaddaşında özünə ayrı bir iz qoymuş Xalq artisti Azərpaşa Nemətovla bağlı xatirələrini, onun məşhur replikalarından qısa sitatlar ilə dialoqlarını yada saldı. Kövrəldiyini görüb tez yekuna çalışdım və onu təsvirli xatirələrindən qoparmaq üçün indiki prosesə çəkdim...
Tamaşaları ilə bağlı ən böyük arzusunu soruşdum. Sizcə, nə olsa yaxşıdır? Tamaşanı zaldan, bizim kimi zaldan izləmək və alqışlamaq.
Bu sözləri elə təbii və yanğı ilə dedi ki, duruxdum və söhbəti də elə buradaca bitirdim. Başqa zaman və məkanda zaldan birlikdə bir tamaşanı seyr edənədək...
Həmidə Nizamiqızı