Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti təyin olunub. Bu barədə qərar Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısında (3 noyabr) qəbul edilib.
Aktotı Raimkulova yeni vəzifədə ilk dəfə noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda çıxış edib. Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondunun ofisi Bakıda yerləşir.
Türk dövlətləri başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş sammitində Azərbaycanın təşəbbüsü ilə türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı üçün fondun yaradılması təklif edilmiş, 2010-cu ildə İstanbul sammitində müvafiq qərar qəbul edilmişdi. 2012-ci ildə Bişkekdə keçirilən zirvə toplantısında yerləşmə yeri Bakı şəhəri olmaqla yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun nizamnaməsi imzalandı.
Fond 2015-ci ildə fəaliyyətə başladı. Prezident İlham Əliyev həmin ilin 6 mayında Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzaladı. Azərbaycanın təklifi ilə Günay Əfəndiyevanın qurumun ilk rəhbəri vəzifəsinə təyin olunması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (2021-ci ildən Türk Dövlətləri Təşkilatı) tərəfindən təsdiqləndi.
Fondun ofisində keçirilən təhvil-təslim mərasimində Aktotı Raimkulova bu vəzifədə 8 il fəaliyyət göstərmiş Günay Əfəndiyevaya Türk dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib. Günay Əfəndiyeva təşkilatın yeni rəhbərinə uğurlar arzulayıb, vəzifə müddətində sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.
Qeyd edək ki, Aktotı Raimkulova 1964-cü ildə Almatı şəhərində Qazaxıstanın tanınmış yazıçısı Rahmetolla Raimkulovun ailəsində doğulub. 1987-ci ildə Kurmanqazı adına Almatı Dövlət Konservatoriyasını bəstəkar, pianoçu, musiqi nəzəriyyəsi müəllimi ixtisası üzrə bitirib. 2007-ci ildə sənətşünaslıq üzrə namizədlik, 2010-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 2016-2019-cu illərdə Qazaxıstan mədəniyyət və idman nazirinin müavini, 2019-2022-ci illərdə nazir vəzifələrində çalışıb. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunanadək “Qazaxkonsert”in direktoru olub.
Onu da əlavə edək ki, Astanada TDT-nin 10-cu Zirvə toplantısının Bəyannaməsində də Günay Əfəndiyevaya Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri kimi fəaliyyəti ilə bağlı təşəkkür ifadə olunub.
Zirvə toplantısında 6 fevral tarixinin “Türk Dünyası Fəlakət Qurbanlarını Anma və Həmrəylik Günü” (Türkiyədə 2023-cü il 6 fevralda baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının xatirəsinə) elan edilməsi, Astana şəhərinin 2024-cü ildə, İstanbulun isə 2025-ci ildə “Türk Dünyası Maliyyə Mərkəzi” elan edilməsi, türk əməkdaşlıq təşkilatlarının bayraqlarının uyğunlaşdırılması və digər məsələlərlə bağlı qərarlar da qəbul olunub.