ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer noyabrın 29-da, 100 yaşında vəfat edib. O, Konnektikut ştatında öz evində dünyasını dəyişib.
1923-cü ildə Almaniyada yəhudi ailəsində doğulan Kissincerin ilk adı Hayns (Heinz Alfred Kissinger) olub. Faşistlərin hakimiyyətə gəlişindən sonra ailəsi Amerikaya mühacirət edib və o, Henri Kissincer olaraq adını dəyişdirib.
1969-1975-ci illərdə prezidentlər Ricard Nikson və Cerald Fordun milli təhlükəsizlik müşaviri olmuş, 1973-1977-ci illərdə isə ABŞ diplomatiyasına rəhbərlik etmiş Kissincer bu vəzifədən gedəndən sonra da Ağ Evdə bir-birini əvəzləyən administrasiyalar üçün təcrübəli məsləhətçi, eləcə də xüsusi tapşırıqlar üzrə diplomat qismində aktiv fəaliyyət göstərib.
May ayında 100 illik yubileyini qeyd edən Kissincer bu yaşında da beynəlxalq media səhifələrində dünya siyasətinin gündəm mövzularına dair analitik məqalələrlə çıxış edirdi. Dünya mediası Kissinceri “diplomatiyanın qrossmeysteri”, “xarici siyasət müəllimi” adlandırırdı. “Foreign Policy” jurnalının 2015-ci ildə keçirdiyi sorğuda o, son 50 ilin ən uğurlu ABŞ dövlət katibi seçilib.
Bununla belə, onun milli təhlükəsizlik müşaviri və dövlət katibi kimi fəaliyyəti ciddi tənqidlərə də məruz qalıb. Onu həmçinin ötən əsrin 70-ci illərdə ABŞ kəşfiyyat orqanlarının dəstəyi ilə Latın Amerikası ölkələrində ordunun hakimiyyətə gəlməsi, o cümlədən Argentina və Çilidə baş verən repressiyalarda əli olmaqda ittiham ediblər.
1973-cü ildə Kissincerin Vyetnam müharibəsinin dayandırılması üçün aktiv roluna görə Nobel sülh mükafatına (vyetnamlı diplomat Le Dık Ho ilə bərabər) layiq görülməsi isə beynəlxalq qalmaqala səbəb olmuşdu. Çünki ABŞ-nin Vyetnamda apardığı müharibə ondan sonra hələ iki il sürdü. Yeri gəlmişkən, bu qərarla razı olmayan Nobel Komitəsinin iki üzvü istefa vermiş, vyetnamlı Le Dık Ho isə mükafatdan imtina etmişdi.
V.Kamal