Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun dəstəyi, “New Space Innovation” MMC-nin təşkilatçılığı, “Kapital Bank” və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “A-hub Akselerasiya Proqramı” icra olunub.

Noyabrın 29-da “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində proqramın milli final mərhələsi keçirilib. Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, ICESCO sədrinin elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif, “New Space Innovation” MMC-nin təsisçisi Leyla Tağızadə və digərləri çıxış edərək layihə haqqında öz fikirlərini bildiriblər.

Qeyd olunub ki, layihə ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib.

6 həftə davam edən “A-hub Akselerasiya Proqramı” çərçivəsində Bakı, Sumqayıt və Gəncədən startap ideyaları olan 90-dan çox gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandaya 8 müxtəlif modullardan ibarət təlim keçirilib. Komandalar təlimlərdən əldə etdikləri biliklər sayəsində startap ideyaları üzrə prototiplər hazırlayıblar.

Çıxışlardan sonra startap komandaları ideyalarını təqdim ediblər. Jürilərin səsverməsindən sonra qaliblərin adları bəlli olub.

“Documood” komandası I, “Snackpack” komandası II, “Agroficient” komandası isə III yerə layiq görülüb. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanıblar.