Dekabrın 1-i XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın (1933-2004) anım günüdür.
Vətənsevərlik poeziyamızın bayraqdarlarından olan şair 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.
“Azərnəşr”də bədii ədəbiyyat redaksiyasının müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971–1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
Müxtəlif illərdə işıq üzü görən “Sevgi nəğməsi”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Qanadlı qayalar”, “Atamın kitabı”, “Dünya sənin, dünya mənim”, “Daş harayı”, “Qayalara yazılan səs”, “Yolayrıcında söhbət”, “Sənətdə son mənzil olmur”, “Əsgər andı” və digər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Söz ustadının çoxsaylı şeirlərinə mahnılar bəstələnib.