Dekabrın 1-də Xalq şairi Məmməd Arazın (1933–2004) vəfatının 19-cu ildönümü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) xatirə tədbiri təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək şairin xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.
AYB-nin həmişə qonaqlı-qaralı olan “Natəvan” klubunda davam edən tədbirdə Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.
Tədbirin aparıcısı AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid deyib ki, bu gün şairin vəfatından 19 il ötməsinə baxmayaraq onun poeziyasına olan ümumxalq məhəbbəti heç vaxt azalmayıb.
Bildirilib ki, bu il Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər təşkil edilib.
Rəşad Məcid qeyd edib ki, Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çoxu onun yaradıcılığında əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
Tədbirdə Əməkdar Artist Ağalar Bayram şairin bir-birindən bənzərsiz şeirlərini səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar diqqətə çatdırıb ki, AYB-nin “Natəvan” klubu son vaxtlar belə qələbəlik yaşamamışdı. Bu, Məmməd Araz poeziyasına, şəxsiyyətinə olan sonsuz sevgi ilə bağlıdır.
Məmməd Arazın ixtisasca coğrafiyaçı olduğu xatırladan AYB-nin sədri bildirib ki, o, başdan-başa təbiət vurğunu idi. Bu sevgi onun bütün yaradıcılığına hopmuşdu. Eyni zamanda Azərbaycan dilinin bütün incəliklərini onun poeziyasında görmək mümkündür. Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
Bildirilib ki, harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq Məmməd Araz, əslində, bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir.
Xalq yazıçısı Anar deyib ki, bu gün də Məmməd Arazın ocağı ədəbiyyat ocağı kimi gurlayır və onun yolunu əzizləri, doğmaları İradə Tuncay və Aqil Abbas uğurla davam etdirirlər.
Tədbirdə çıxış edən digər natiqlər Məmməd Arazın Azərbaycan poeziyasına bəxş etdiyi bənzərsiz poeziya nümunələrindən söhbət açıblar.
Bildirilib ki, Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
Vurğulanıb ki, Xalq şairi Məmməd Araz təkrarsız şeirləri, bənzərsiz poeziya nümunələri ilə hər zaman xalqımızın qəlbində yaşayacaq.