“YARAT” Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisi açılıb.

Sərgidə, rəssamın son illər yaratdığı rəngkarlıq tabloları və bu günə qədər nümayiş olunmayan qrafika əsərləri bir araya gətirilib.

1960-1970-ci illərin Ümumittifaq sərgilərində fərqli dəst-xətti ilə fərqlənən Fərhad Xəlilovun həqiqi “sənət məktəbi” o dövrdəki Moskvanın qeyri-rəsmi bədii həyatı olub. O, İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov kimi rəssamların mühitində yetişib, püxtələşib və yüksək bədii dəyərlər aləminə bələd olaraq, milli ənənələrə bağlı rəssam kimi formalaşıb. Moskva Ali Bədii-Sənaye Məktəbində (Stroqanov) təhsilini bitirəndən sonra Azərbaycana dönən rəssamın əsas həmfikirləri Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olub.

“Yerlə göy arasında” adlı sərgidə rəssamın uzunillik yaradıcılığına istiqamətlənən və poetik mövzulardan ilham alan əsərləri nümayiş olunub. Ətrafı hiss etdiyi kimi kətanda təsvir edən Xəlilovun əsərlərində təbiətin müxtəlif halları ifadə olunub. Məhz bu halların açıqlanması sərginin əsasını təşkil edir. “Yerlə göy arasında” adlı ekspozisiya rəssamın ilham aldığı ünsürlərə bağlılığıdır. Fəaliyyətinin müxtəlif mərhələlərində fərqli vizual həllərin yer aldığı rəssamın yaradıcılıq tendensiyası fəlsəfi diskursdur.

Tədbirdə Fərhad Xəlilovun həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Xalq rəssamı Fərhad Xəlilov öz sənət dünyasından və sərgidə yer alan əsərlərdən danışıb.

“YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli Fərhad Xəlilovun fərdi sərgisinin açılışını incəsənət aləmində mühüm hadisə kimi dəyərləndirib. “Bu sərgidə Fərhad müəllim son aylarda üzərində işlədiyi əsərlərini nümayiş etdirir. Əsasən rəngkarlıq əsərləridir. Rəssamın bu günə qədər heç bir yerdə nümayiş edilməyən qrafik əsərləri də bu sərgidə yer alıb”, - deyə o vurğulayıb.

“Yerlə göy arasında” adlanan bu sərginin adından da göründüyü kimi, daha çox abstrakt əsərlərə üstünlük verildiyini bildirən Fərəh Ələkbərli sərginin yanvar ayına qədər davam edəcəyini bildirib.

Nümayişdən sonra rəssam media nümayəndələrinin suallarını cavablandırıb.