Mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib.
Adil Kərimli sənətkarın Azərbaycan kinosuna verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bildirib, ona Mədəniyyət Nazirliyinin fəxri diplomunu təqdim edib.
Akif Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu il 78 yaşı tamam olan Akif Rüstəmov ömrünün 55 ilini kinoya həsr edib. O, 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi işə başlayıb. Görkəmli rejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmində adı ilk dəfə titrlərə yazılıb. Sonrakı illərdə kinostudiyada lentə alınan 40-dan çox ekran əsərində (“Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Dərviş Parisi partladır”, “Bağ mövsümü”, “Güllələnmə təxirə salınır” və s.) ikinci rejissor kimi çalışıb.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.