Uzun illərdən sonra yenidən Akademik Milli Dram Teatrının səhnəsinə qayıdan "Sənsiz" tamaşasının dekabrın 1-də keçirilən nümayişi Xalq artisti Hökümə Qurbanovanın (1913–1988) 110 illiyinə həsr olunub.
Tamaşadan əvvəl Hökümə Qurbanova haqqında film təqdim olunub.
Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.
Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.
Şıxəli Qurbanovun “Sənsiz” dramı 1937-ci illərin məşum repressiyasına məruz qalaraq həyatdan və ailəsindən qoparılmış insanlardan – Tərlan və Sevincdən bəhs edir. 18 illik məşəqqətli sürgün həyatı yaşayan tək Tərlan deyil. Onun yolunu 18 il gözləyən Sevinc də bu zülmü onu gözləyə-gözləyə yaşayır. 18 il sonra Tərlanın günahsız olduğuna görə verilən bəraət xəbərini alandan sonra, toy gecəsi həbs edilib gedər-gəlməzə göndərilən ərinin ya özünü, ya qəbrini tapmaq üçün yola çıxmağa qərar verir. Bu onun Tərlandan başqa həyat, başqa səadət, başqa ailə istəmədiyini sübut edir...