Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1998-ci il 6 dekabr
Prezident Heydər Əliyev məşhur qırğız yazıçısı Çingiz Aytmatovu 70 illik yubileyi münasibətilə təbrik edib. “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş bir yazıçı kimi Siz həm Qırğızıstanın, həm də bütun Türk dünyasının fəxrisiniz”, – deyə təbrik məktubunda vurğulanırdı.
1998-ci il 9 dekabr
Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılışı mərasimində nitq söyləyib.
1998-ci il 12 dekabr
İctimaiyyət, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin və idmançıların bir qrupuna “İstiqlal”, “Azərbaycan bayrağı”, “Şöhrət” ordenləri və “Tərəqqi” medallarını təqdim edib.
“İstiqlal” ordeni alanlar arasında Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçısı İsa Hüseynov, Xalq artisti, bəstəkar Arif Məlikov; “Şöhrət” ordeni ilə təltif edilənlər arasında Xalq şairi Nəbi Xəzri, Xalq yazıçısı Yusif Səmədoğlu (orden mərhum yazıçının qızı Mehriban Vəkilovaya və qardaşı Vaqif Səmədoğluna təqdim edilib), Xalq artistəri – xanəndə Qədir Rüstəmov, aktyor Həsən Məmmədov, kinorejissor Rasim Ocaqov, opera müğənnisi Gülxar Həsənova vardı.
“...Müstəqil Azərbaycanın dövlət mükafatları əksərən ölkəmizin elm, mədəniyyət, incəsənət xadimlərinə təqdim olunur. Bu da təbiidir. Çünki bizim xalqımız həmişə elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti yüksək qiymətləndirmişdir... Sizin keçmişdə aldığınız mükafatlar da, ordenlər də, medallar da qiymətlidir. Onların hər biri sizin həyatınızın, tərcümeyi-halınızın parlaq bir səhifəsidir. Ancaq bununla yanaşı, bu günü görmək – Azərbaycanın müstəqilliyini görmək, bu zamana qədər yaşamaq özü-özlüyündə böyük xoşbəxtlikdir. Müstəqil Azərbaycanın dövlət mükafatını almaq, şübhəsiz ki, hər bir insanda böyük iftixar hissi doğurur...”.
Respublika Sarayında Özbəkistanın “Yalla” ansamblının konsertindən sonra yaradıcı kollektivlə görüşüb.
1998-ci il 19 dekabr
Respublika Sarayında şair Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş poeziya məclisi başa çatdıqdan sonra Azərbaycanın incəsənət ustaları ilə görüşüb.
“...Bizim dahi şairlərimiz, söz ustalarımız həmişə xalqımıza mənəvi qida veriblər, xalqımızı ruhlandırıblar... Şeirlə deyilən sözün təsiri bütün başqa sözlərin hamısından təsirli olur... Zəlimxan Yaqub bizim bu son illərdə çox üzə çıxmış, xalq tərəfindən sevilmiş və öz şeiri ilə, sözü ilə, öz fəaliyyəti ilə böyük hörmət qazanmış şairdir. Bugünkü şeir gecəsi də, poeziya məclisi də bunu bir daha sübut etdi.
...Hərənin bir üslubu vardır. Ancaq Zəlimxanın xüsusiyyəti bir də ondan ibarətdir ki, çox gözəl yaddaşı var. Öz yazdığı şeirləri də həmişə yadında saxlayıb söyləyir, deyir. Bu xüsusiyyət də indiki gecədə aydın göründü. Bütün bunlarla əlaqədar, hörmətli Zəlimxan, mən səni ürəkdən təbrik edirəm...”.
1998-ci il 21 dekabr
Xalq artisti, xanəndə Tükəzban İsmayılovanı 75 illik yubileyi münasibətilə təbrik edib.
1999-cu il 3 yanvar
Xalq rəssamı Qəzənfər Xalıqovun 100 illik və teatr xadimi, Xalq artisti İbrahim Həmzəyevin 90 illik yubileyləri haqqında sərəncamlar imzalayıb.
1999-cu il 7 yanvar
Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə Xalq artisti Leyla Bədirbəylinin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
1999-cu il 5 fevral
“Gülüstan” Sarayında Xalq yazıçısı, görkəmli kino xadimi Rüstəm İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə nitq söyləyib.
“...Rüstəm İbrahimbəyov Azərbaycan ədəbiyyatına, mədəniyyətinə 60-cı illərin əvvəllərində gəlmiş böyük yaradıcılar dəstəsinin parlaq nümayəndəsidir. Çox məhsuldar yazıçıdır, dramaturqdur, kinossenaristdir... Rüstəm İbrahimbəyov ssenari müəllifi olduğu filmlərdə, səhnə əsərlərində də, nəsr əsərlərində də daim həqiqəti, reallığı əks etdirib...
Xatirimdədir, o vaxtlar Azərbaycanda bəzi yazıçılar, şairlər, bəzi tənqidçilər çalışırdılar ki, Rüstəm İbrahimbəyovu və Maqsud İbrahimbəyovu sovet ideologiyasının əleyhinə çıxan adamlar kimi ifşa etsinlər. Mən o vaxtlar bunların qarşısını həmişə almışdım... Təbiidir, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Amma biz axtarmırdıq... Ən böyük dissident Bəxtiyar Bahabzadə idi. Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Yaxud, götürək Anarı. O da dissident idi. Məsələn, “Qobustan” jurnalının yaranması və o jurnalın səhifələrində yayılan əsərlər şübhəsiz ki, dissident xarakteri daşıyırdı. Mən həmin jurnalı o vaxtlar daim oxuyurdum, izləyirdim. Bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi...
Rüstəm İbrahimbəyovun yaradıcılığının əsas xüsusiyyətlərindən biri də odur ki, o öz yaradıcılığı ilə milli çərçivədə qalmayıbdır, keçmiş Sovetlər İttifaqında çox məşhurlaşıbdır və dünyada məşhurlaşıbdır. Şübhəsiz ki, biz öz mədəniyyətimizi, öz ədəbiyyatımızı, incəsənətimizi, kino sənətimizi yüksək qiymətləndiririk və özümüz içərimizdə bununla fəxr edirik. Ancaq bizim mədəniyyətimizin nümunələri, Azərbaycan yaradıcılarının yaratdığı əsərlər Azərbaycanın hüdudlarından kənara çıxanda bu, Azərbaycan mədəniyyətini dünyaya da yayır...”.
Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Rüstəm İbrahimbəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman (4 fevral) imzalayıb.
Hazırladı: V.Orxan