“Yaradıcı həftə”də “CINEMO” festivalı

 

“Yaradıcı həftə”nin maraqlı tədbirlərindən bir də dekabrın 1-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə gerçəkləşən “CINEMO” Mobil Film Festivalı idi.

Tədbirin aparıcısı Faiq Mirzəyev layihə haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onların arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Sonra Azərbaycanda ötən əsrin 60-cı illərində “Kino Həvəskarları Klubu”nun fəaliyyəti və bugünkü mobil kino avadanlığının “əcdadları” sayılan həvəskar kinokameralardan bəhs edən sənədli film nümayiş olundu. Filmdə vaxtilə həmin klubun üzvləri olmuş və hazırda Azərbaycan kinosunda öz sözünü demiş kino xadimləri Oleq Səfərəliyev, Mirsadıq Ağazadə, Tariyel Qasımov və Ələkbər Muradovun xatirələri yer almışdı.

Filmin nümayişindən sonra Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova çıxış etdi. Diqqətə çatdırdı ki, “Yaradıcı həftə” çərçivəsində müxtəlif mövzulu 20-dən çox layihə təqdim olunur. “CINEMO” Mobil Film Festivalı da bu silsilədən növbəti tədbirdir: “Mədəniyyətin təbliği üçün kino çox güclü vasitədir. Kinonun inkişafında, təbliğində müxtəlif müsabiqələrin, festivalların rolu danılmazdır. Mədəniyyət Nazirliyinin kino strategiyasına uyğun olaraq, Azərbaycan kinosunun dünyaya inteqrasiyası üçün belə müsabiqə və festivalların keçirilməsi prioritet istiqamətlərdən biridir. Düşünürük ki, bu festival yeni istedadların üzə çıxmasına təkan verəcək”.

Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, layihə gənc nəsildə bu sahəyə marağı artıracaq. Cəmiyyət quruculuğunda gənclərin yeni fikirləri çox vacib və dəyərlidir.

“CINEMO” Mobil Film Festivalının müəllifi və rəhbəri, aktyor, prodüser Ruslan Sabirli layihənin məram və məqsədindən danışdı, dəstək olan təşkilatlara təşəkkürünü bildirdi. O, müasir dövrdə mobil telefonlarla filmlərin, hətta serialların çəkildiyini qeyd etdi. Bildirdi ki, son illər mobil telefonların çəkiliş keyfiyyətinin artması ilə mobil kinematoqrafiyanın inkişafı üçün geniş imkan yaranıb. Bu sahədə böyük işlər görülür, festivallar təşkil olunur, müsabiqələr keçirilir.

Sonda mobil telefonla çəkilmiş və dünyada böyük maraqla qarşılanan “Gəzinti” adlı fransız filmi nümayiş olundu.

L.Azəri