Qustav Maler adına dirijorların beynəlxalq müsabiqəsində I yeri qazanmış Laxav Şani müasir dövrün məşhur musiqiçisidir. O, əfsanəvi Zubin Metanın varisi olaraq, dünyanın bir çox məşhur simfonik orkestrləri ilə çıxış edir.
Firəngiz Əlizadənin “Bamberq Symphoniker” kollektivinin konsertlərində səslənən əsəri, musiqi hadisəsi olmaqla yanaşı, həm də siyasi amilləri özündə ehtiva edir. Konsertlərdə Azərbaycan bəstəkarının əsəri ilə bərabər, yəhudi bəstəkarı – Paul Ben-Haimin (Paul Ben-Haim), həmçinin alman klassiki Anton Bruknerin möhtəşəm 7-ci simfoniyası da ifa olunub. Əsərlərin müxtəlif dövrlərdə və müxtəlif məkanlarda yazılmasına baxmayaraq, bu bəstəkarların hər biri öz musiqisi ilə dünyada sülhün, əmin-amanlığın əbədi olmasını arzulayır və ifadə edir.
30 noyabr və 1 dekabrda keçirilən konsertlərdə Bamberq və Dortmund şəhərlərinin rəhbərləri çıxış edərək, “Şərqin güclü təfəkkürünə malik olan” Firəngiz Əlizadəni dünya musiqi mədəniyyətində məxsusi yeri olan görkəmli bəstəkar kimi xarakterizə ediblər.
Diqqətə çatdırılıb ki, səslənən əsərlərin əsas mahiyyəti dünyada sülh və əmin-amanlığın musiqi vasitəsilə tərənnümü və bu əsərlərin cəmiyyətdə humanist ideyaların inkişafına mühüm təsiri ilə bağlıdır. Bu əsərlərin bədii-estetik təsiri gələcək həyatımızda da insanların mənəvi zənginliyinin qorunmasına təkan verəcək. Sanki bu əsərlər gələcəyə də bir mənəvi körpüdür.
Onu da əlavə edək ki, noyabrın 30-da Firəngiz Əlizadənin “Oazis” və “Dance” əsərləri Monreal şəhərində Kanadanın “Molinari” kvartetinin ifasında da səslənib. Gecədə dünyaca kvartet musiqisinin məşhurları Bela Batok və Klod Debüssinin əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarının da əsərlərinin yer alması musiqi və mədəniyyətimiz adına qürurverici hadisədir.
Fidan Nəsirova-Əhmədova
BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı