Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən film layihələri müsabiqəsinə yekun vurulub. Noyabrın 28-də müsabiqə ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclasında müxtəlif istiqamətlərdə 11 layihəyə, eləcə də 16 tələbə filmi layihəsinə dəstək verilməsi qərara alınıb.

Dekabrın 2-də Nizami Kino Mərkəzində film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib. Tədbirdə müsabiqənin Seçim komissiyasının üzvləri kinodramaturq İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və rejissor Fehruz Şamiyev iştirak ediblər.

İlqar Fəhmi bildirib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektora dəstək verilməsidir.

Onun sözlərinə görə, müəyyən müzakirələrdən sonra qaliblər səs çoxluğu əsasında seçilib. Dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin, tələbə altistiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib. Ekspert şurasının yekun qərarı ilə dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihənin 9-u, tələbə altistiqaməti üzrə isə 16 tələbə filminin hamısı Ekspert şurası tərəfindən təsdiq edilib. Ekspert şurasının son iclasında səsvermə nəticəsində 11 qalib layihədən ikisi – “Qorqud və Zəhra”, “Sözün varsa, de” səs çoxluğu ilə ssenarinin inkişaf proqramına yönləndirilib. “Borc” və “Arılar və qəbirlər” film layihələrinin isə təkmilləşdirmə və ssenarinin inkişaf proqramına cəlb olunduqdan sonra istehsala buraxılması tövsiyə edilib.

Müsabiqənin son dərəcə şəffaf keçirildiyini bildirən Aydın Talıbzadə 120-yə yaxın film ssenarisinin müzakirə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ssenarilər tam olaraq bəyənilməsə də, onların arasında xoş təsir bağışlayanlar da var idi.

Filmlərin maliyyələşməsinin uğurlu addım olduğunu deyən Fehruz Şamiyev bildirib ki, son 3 ildə Azərbaycanda film istehsalı dayandırılmışdı. Belə bir zamanda bu filmlərin maliyyələşməsi çox uğurlu addım oldu. Seçim zamanı iclasın bütün gedişinin katiblik tərəfindən protokolu tərtib olunaraq arxivləşdirilib. Azərbaycan Dövlət Film Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil olunan zaman seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə bizlərlə birlikdə televiziya rəhbərlərinin də iştirakı təmin olunub.

Brifinqdə o da qeyd edilib ki, müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilərlər. Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib. Apellyasiya komissiyasına son müraciət 7 dekabrdır.