Dekabrın 1-də Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Dövlət Turizm Agentliyi (DTA) və Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak ediblər.
DTA-nın sədr müavini Azadə Hüseynova açılış nitqində tədbirin əhəmiyyətini vurğulayıb, ortaq mədəni irsə sahib olan türk dövlətlərin turizm sahəsində də əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Şuşanın mədəni turizmin inkişafi üçün kifayət qədər imkanları olduğunu diqqətə çatdırıb.
Sonra TDT-yə üzv ölkələrin nümayəndələri “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər. İtməkdə olan köçəri həyat tərzinin türk xalqları arasında, eləcə də Azərbaycanda hələ də qorunub saxlandığı qeyd edilib. DTA-nın mütəxəssisləri tərəfindən hazırlanmış “Xınalıq kəndi və Köç yolu mədəni landşaftı” nominasiya sənədinin bu ilin sentyabrda UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçı ölkələrdə köçəri mədəniyyətini əks etdirən fotosərgi və türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı da keçirilib.